"İndi bütün təşkilatların gücü birləşdiriləcək" - MÜSAHİBƏ

Təbriz Musayev: "Uzun illərdir belə bir ideya var idi. Lakin bu və ya digər səbəbdən reallaşdırmaq mümkün olmayıb" 

"Qərbi Azərbaycanla bağlı ayrı-ayrı təşkilatlar yaransa da, onlar məsələni beynəlxalq ictimaiyyətin geniş müzakirəsinə çıxarmağa müvəffəq olmayıblar"


Türkiyədə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradıldığı elan olunub. Təşəbbüs qrupunun sədri, ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bildirib ki, uzun illər Azərbaycan və Türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün qərarlı addım atılıb. Həmçinin, vurğulanıb ki, öncə respublikanın Milli Şurası fəaliyyətə başlayacaq.

Sonrakı mərhələdə Milli Məclisi seçiləcək və hökumət formalaşdırılacaq. Qərbi Azərbaycan Respublikasının yaradılması Azərbaycan ictimaiyyətində kifayət qədər maraqla qarşılanıb və xeyli dəstək görüb. Lakin ideyanı əhəmiyyətsiz sayanlar, hətta sülh danışıqlarına ziyan verəcəyini iddia edənlər də olub.
Günlərdir müzakirə olunan məsələ ilə bağlı “Şərq”ə danışan Qərbi Azərbaycan (İrəvan) Respublikasının təşəbbüs qrupunun üzvü, İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev respublikanın elan edilməsindən və qarşıda duran vəzifələrdən danışıb. Təşkilat rəhbəri respublika ətrafında gedən söz-söhbətə də münasibət bildirib... 

 - Təbriz müəllim, Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılması ideyası necə ortaya çıxdı? 

 - İlk olaraq qeyd edim ki, bu ideya uzun müddətdir mövcuddur. Azərbaycan ikinci dəfə öz müstəqilliyini elan etdikdən sonra keçən dövr ərzində dəfələrlə bu istiqamətdə təşəbbüslər irəli sürülüb. Fərqli adlar şəklində təşəbbüslər olsa da məqsəd həmişə bir olub. Qayəmiz respublikanı elan etmək, mühacir hökumətini formalaşdırmaq və bununla ilk növbədə ermənilərə, sonra da bütün dünyaya həmin torpaqların kimə məxsus olduğunu sübut etməkdir. İrəvan həmişə Azərbaycan türklərinin tarixi vətəni olub. Ermənilər yalnız 19-cu əsrdən etibərən Çar Rusiyası tərəfindən həmin ərazilərə köçürülüblər ki, bunun da səbəbi Qafqazı ələ keçirmək və bu ərazilərdə möhkəmlənməkdən ibarət idi. 1918-ci ildə yox olma təhlükəsi ilə üzləşən Azərbaycan Xalq Cümhuriyyətinin liderləri İrəvanın ermənilərə verilməsi barədə qərar qəbul etmək məcburiyyətində qalıblar. Lakin nəzərə almaq lazımdır ki, 1918-ci ildə Azərbaycan hökuməti İrəvanı ermənilərə müəyyən şərtlər daxilində vermişdi. Xüsusilə də onların Zəngəzur və Dağlıq Qarabağa olan iddialarından əl çəkməsi əsas şərt kimi qoyulmuşdu. İndi isə həm Zəngəzurda, həm də Qarabağda erməni “at oynadır”. Bunları sadalamaqda məqsədim, respublikanın elan olunması və mühacir hökumətin qurulması istiqamətində fəaliyyət göstərməyə tam haqqımızın çatdığını göstərməkdir. İnşallah, budəfəki təşəbbüs uğurlu alınacaq və bizlər qarşımıza qoyduğumuz hədəflərə çata biləcəyik.

   - İdeyanı daha əvvəl reallaşdırmaq mümkün deyildimi? Məhz indiki məqamın seçilməsində xüsusi anlam varmı? 

 - Xüsusi bir anlam yoxdur. Uzun illərdir belə bir ideya var idi. Lakin bu və ya digər səbəbdən reallaşdırmaq mümkün olmayıb. Qərbi Azərbaycanla bağlı ayrı-ayrı təşkilatlar yaransa da, onlar məsələni beynəlxalq ictimaiyyətin geniş müzakirəsinə çıxarmağa müvəffəq olmayıblar. Başqa sözlə, içi bizim təşkilat qarışıq, əsasən Azərbaycan daxilində fəaliyyət göstərmişik. Ən yaxşı halda bu və ya digər məsələlərlə bağlı mövqeyimizi Bakıda olan beynəlxalq təşkilatlara və diplomatik korpusa çatdırmışıq. Amma onu da qeyd edim ki, bu istiqamətdə fəaliyyət göstərən təşkilatların itirilmiş torpaqların, baş verən hadisələrin unudulmaması ilə bağlı fəaliyyəti danılmazdır və onların hər birinə minnətdarıq. İndi isə bütün bu təşkilatların güclərini toparlayaraq vahid toplum halında, elan olunmuş respublikanın formalaşması və tanıdılması istiqamətində yorulmadan fəaliyyət göstərməsinə ehtiyac var.

 - Respublikanın əsas missiyası nədən ibarətdir? Ən əsası isə faydaları olacaqmı?

 - Nəzərə almaq lazımdır ki, bu fəaliyyət qarşıdakı onilliklərə hesablanmış bir fəaliyyətdir. Bu gün üçün qarşımızda duran əsas məsələ indiki Ermənistanın yerləşdiyi ərazilərin Azərbaycan türklərinin tarixi vətəni olduğunu bütün dünyaya çatdırmaqdan ibarətdir. Bu fəaliyyət bizlərə həmçinin Dağlıq Qarabağ uğrunda haqq mübarizəmizdə də böyük fayda verəcək. Dünya bilməlidir ki, Qərbi Azərbaycan kökənli insanlar əzəli torpaqları olan İrəvana, Zəngəzura, Göyçəyə və digər yurdlarına qayıtmaq istəyirlər. Dünya anlamalıdır ki, bizlər təkcə Qarabağı yox, min bir oyunlarla son 200 ildə bizdən alınan və bu gün Ermənistan adlanan məkandakı bütün torpaqlarımızı geri istəyirik. 

 - Respublikanın Türkiyədə elan edilməsinin səbəbi nədir? Qardaş ölkədə, elə Azərbaycanın özündə kifayət qədər dəstək ala bildinizmi?

 - Elan məsələsi onlayn konfransda baş tutub. Həmin toplantıda həm Azərbaycandan qatılan insanlar, həm də Türkiyədə olan soydaşlarımız iştirak edib. Yəni konkret olaraq Türkiyədə elan olunması ilə bağlı məsələ yoxdur. Hətta olsa belə məkanın hər hansı bir önəmi yoxdur. Əsas hədəflər və qarşıya qoyulan məqsədlərdir. Bu istiqamətdə də kimin hansı ölkə ərazisində yaşamasından asılı olmayaraq, hamının dəstəyinə ehtiyac var. Üzərindən çox qısa vaxt keçməsinə baxmayaq, istər Azərbaycandan, istər Türkiyədən, istərsə də Rusiya və Avropada yaşayan soydaşlarımızdan çox böyük diqqət gördük. Fəaliyyətimizi elə quracağıq ki, bu dəstəklər daimi olsun və əlaqələrimiz mütəmadi təmin edilsin.

 - Bir qrup şəxs sosial şəbəkədə Qərbi Azərbaycan Respublikasının əhəmiyyətsiz olduğunu iddia edir. Bu cür yanaşmalara münasibətiniz necədir? 

 - O cür düşünən insanlara hər hansı cavabım yoxdur. Kimisə düşüncəsinə görə qınamaq fikrində deyiləm. Əslində bu cür reaksiyalara normal yanaşıram. Bizlər fəaliyyətə başlayanda bu şəkildə düşünən insanların ola biləcəyini ehtimal etmişdik. Bizim üçün əsas məsələ qarşıya qoyulan məqsəd uğrunda ardıcıl mübarizə aparmaq olmalıdır. Onsuz da yolumuza ideyanın əhəmiyyətsiz olduğunu deyənlərlə deyil, bu yolu vacib sayanlarla davam edəcəyik. 
 
- Respublikanın tanıdılması, hökumətin qurulması, parlament seçkilərinin keçirilməsi və s. məsələlər də gündəmdədir. Gələcəyə yönəlik planlar nə zaman reallaşacaq?

 - İlk olaraq təşkilati məsələlər həllini tapmalıdır. Məclis və digər strukturlar formalaşdıqdan sonra Respublikanın beynəlxalq aləmdə tanıdılması istiqamətində ciddi fəaliyyətə başlayacağıq. Tələsmədən, amma eyni zamanda da gecikmədən hər bir addımı ölçüb-biçərək, bütün sadalananaları həyata keçirməyə çalışacağıq”.