Bu mövzuda həssas olmaq lazımdır


Əhməd bəy Ağaoğlu ilə Atatürk arasında qarşıdurma heç vaxt həddini aşmayıb

Atatürk dünyasını dəyişəndə Ağaoğlu göz yaşlarını saxlaya bilməyib və qazini böyük türk oğlu kimi qiymətləndirib




Ötən gün feysbuk sosial şəbəkəsində görkəmli mütəfəkkir, türkoloq Əhməd bəy Ağaoğlunun öz oğlunun toyuna Mustafa Kamal Atatürkü dəvət etməsini əks etdirən dəvətnamənin və ona verilən cavabın fotosu paylaşılıb. 1933-cü ilə aid dəvətnamə ilə bağlı sosial şəbəkədə maraqlı və bir o qədər də ziddiyyətli müzakirələr açılıb.

Məsələ ondadır ki, Türkiyə və Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm rol oynayan Əhməd bəy Ağaoğlu ilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk arasında gərginliyin olması, tərəflərin bir-birinin mövqeləri ilə barışmaması dəfələrlə gündəmə gətirilib. Hər iki şəxsin bir-birinə küsdüyü, hətta sırf bu səbəbdən Atatürkün Ağaoğlunun toy dəvətini qəbul etmədiyi və sadəcə təbrik göndərməklə kifayətləndiyi iddia edilib. Bəs, iddialar nə qədər doğrudur və tərəflər arasında iddia edildiyi kimi bir gərginlik yaşanıbmı?  



AMEA-nın aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının sədr müavini, türkoloq-alim Faiq Ələkbərli “Şərq”ə açıqlamasında bu məsələyə aydınlıq gətirib. Türkoloq-alim öncə Əhməd bəy Ağaoğlu ilə Mustafa Kamal Atatürk arasında əlaqələrin nə zaman başlamasından söz açıb:

“Əhməd bəy Ağaoğlu 1919-21-ci illərdə Maltada sürgün həyatı yaşayıb. Sonra Azərbaycana gəlmək istəyib və bu məqsədlə Nəriman Nərimanova məktub yazıb. Məktubunda bildirib ki, “Böyük Britaniya başda olmaqla imperialist dövlətlərə qarşı mübarizədə sovet Rusiyasını haqlı görür və bu məqsədlə sovet Azərbaycanına gələrək imperialistlərə qarşı mübarizə aparmaq istəyir”. Nərimanov buna müsbət cavab versə də, Ağaoğlu Azərbaycana qayıtmaqdan imtina edir. Səbəbini onunla əsaslandırır ki, o, artıq sovet Rusiyasının səmimiyyətinə inanmır. Digər tərəfdən isə Mustafa Kamal Atatürkə bir minnət borcu var idi.

Onun Malta sürgünündən qurtulmasında Atatürkün böyük rolu olmuşdu. Beləliklə Əhməd bəy Ağaoğlu Ankaraya yollanır. İlk dövrlərdə Atatürklə münasibətləri çox yaxşı idi. Hətta Ağaoğlu Qarsdan millət vəkili seçilmiş, bir sıra mühüm vəzifələr tutmuşdu. 1929-30-cu illərə qədər onun fikirləri Atatürklə üst-üstə düşürdü. Ancaq Türkiyənin demokratikləşməsi məsələsində zaman-zaman Ə.Ağaoğlu ilə Atatürk arasında müəyyən problemlər ortaya çıxırdı. Əhməd bəy hesab edirdi ki, parlament daha çox demokratik olmalı, islahatlar daha sürətli aparılmalıdır. Atatürk isə bununla bağlı əməli işlər görməyə tələsmirdi. Bunun nəticəsində ikili arasında münasibətlər gərginləşirdi”. 

F.Ələkbərlinin sözlərinə görə, ölkədə təkpartiyalı sistem var idi və Cümhuriyyət Xalq Partiyasına uzun müddət alternativ partiya yox idi: “1929-30-cu illərdə Atatürkün rəhbərlik etdiyi CXP-yə alternativ Sərbəst Firqə (partiya –red) quruldu. Burada əsas məqsəd ölkədə demokratik mühit yaratmaq idi. Firqənin əsas liderləri Fəthi Okyar və Əhməd bəy Ağaoğlu idi. Sərbəst Firqə Atatürkün istəyi ilə yaradılmışdı, hətta qazinin bacısı da partiyanın rəhbərliyində təmsil olunurdu. Əhməd bəy Ağaoğlunun rəhbərliyi ilə Sərbəst Firqə CXP-ni üstələməyə başlamışdı və güclü rəqibə çevrilmişdi. Şübhəsiz, bu hal Mustafa Kamal Atatürkün xoşuna gəlmirdi. Bu səbəbdən partiya liderləri istefa verdilər və nəticədə partiya ləğv olundu”. 

Alim vurğulayıb ki, bundan sonra Atatürklə Ağaoğlu arasındakı münasibətlər bir qədər də kəskinləşdi: “Hər iki tərəfin özünə görə haqlı arqumentləri var idi. Atatürk hesab edirdi ki, Osmanlıdan sonra birdən-birə Türkiyədə demokratik cəmiyyət qurmaq çətin idi və ayrı-ayrı siyasi partiyaların mövcudluğu birgə mübarizəyə təsir göstərə bilərdi. Əfsuslar olsun ki, Əhməd bəy Ağaoğlu və Atatürk münasibətləri ilə bağlı bəzən həqiqəti əks etdirməyən informasiyalar yayılır. Guya, 1933-cü ildə Ağaoğlu ilə Atatürk bir-birini öldürmək həddinə çatıb.

Bu iddia kökündən yanlışdır. Əhməd bəyin qızı Sürəyya Ağaoğlu da yazırdı ki, atası ilə Atatürk arasında gərginlik olsa da, hər ikisi münasibətləri yumşaltmağa çalışıblar. Düzdür, bəzən Mustafa Kamal Atatürk sərtliyə yol verir və hətta Əhməd bəyi nəzərdə tutaraq “Rusiyadan gələn Ağayev” sözünü işlədirdi. Bu cür yanaşma Ağaoğlu tərəfindən etirazla qarşılanırdı. Sərbəst Firqədən sonra Əhməd bəy Ağaoğlunun yaratdığı “Akın” qəzeti hökumətin təşəbbüsü ilə bağlandı. Həmçinin, dərs dediyi İstanbul universitetindən təqaüdə göndərildi. Lakin yenə deyirəm, tərəflərin qarşıdurması heç vaxt həddini aşmayıb. Atatürk dünyasını dəyişəndə Ağaoğlu göz yaşlarını saxlaya bilməyib və qazini böyük türk oğlu kimi qiymətləndirib”. 

Faiq Ələkbərlinin sözlərinə görə, hər iki şəxs bir-biri haqqında yüksək fikirdə olublar:

“Sadəcə, dövlətin idarə olunmasında, islama və türkçülüyə münasibətdə fikir ayrılıqları var idi. Cümhuriyyət qurulmamışdan öncə Türkiyədə turançılıq daha ön planda idisə, cümhuriyyətdən sonra türkçülük dövlətin sərhədləri ilə məhdudlaşdırıldı. Bu kimi məsələlər Ağaoğlu ilə Atatürk arasındakı problemləri ortaya çıxarırdı. Ancaq nəzərə alaq ki, Atatürkü ittiham edən sadəcə Əhməd bəy Ağaoğlu deyildi. İttihadçı müxaliflər də Atatürkü həddindən artıq qərbləşməkdə və islama təzyiq göstərməkdə suçlayırdılar. Hesab edirəm ki, bu kimi məsələlərdə mümkün qədər həssas olmaq lazımdır. 1930-cu illərdə sovet Rusiyası ilə anlaşma çərçivəsində Türkiyədə yaşayan Mirzəbala Məmmədzadə, M.Ə.Rəsulzadə də qardaş ölkədən uzaqlaşdırılmağa məcbur edilmişdi. Görünür, dövrün siyasi şərtlərinə görə, Atatürk təzəcə qurulmuş dövləti gücləndirmək naminə müəyyən addımlar atmağa məcbur qalmışdı”.