"İnsanların günahı yoxdur, günah fətva verənlərdədir"

Nəriman Qasımoğlu: "Cədvəl şərti bir şeydir, mən Quran ayəsinə tabe oluram"

Ramazanda təkcə yemək-içməkdən imtina ilə kifayətlənməməli, həmçinin danışığa da diqqət edilməlidir. Bir qisim insanlar var ki, sussalar, danışmasalar yaxşıdı...



İnsan ənənələrdən asanlıqla əl çəkə bilmir. Ona elə gəlir ki, nəyisə dəyişsə, uğursuzluğa düçar olacaq. Qorxur, çəkinir. Və çox şeyi necə varsa, eləcə, saxlamağa, qorumağa cəhd edir. Amma dünyamızda yeniliklər edən, cəmiyyətə yenilik gətirən elm adamları da olub hər dövrdə. Bəli, qınaqlarla üzləşib, cəmiyyətdən kənarlaşdırılanlar da olub.

Şükür ki, Azərbaycan ictimaiyyəti alimi kənara itələyəcək dərəcədə korazehin deyil. Bu gün şərqşünas alim, dəyərli ziyalımız Nəriman Qasımoğlu ilə həmsöhbət olduq. Bəlkə oxucumuz təxmin etdi, niyə belə gendən giriş etdik mətləbə. Nəriman Qasımoğlu "Qurani-Kərim"i yenidən, tamam fərqli və alışmadığımız üslubda tərcümə edən alimdi. Müzakirələrə də kifayət qədər açıqdı. Bunu sosial şəbəkədə müşahidə edirik. Bizim üçün anlaşılmaz olanları izahları ilə açır. Nəriman müəllimə, bu Ramazan günlərində Ramazanla bağlı izahlarını dinləmək üçün müraciət etdik. Əslində, koronavirus, pandemiya... bunlardan da danışmaq istəyirdik. Amma razılaşmadı: “qlobal məsələləri kənara qoyaq” dedi. Danışdıqları isə bizcə, elə əsl qlobal məsələlər idi. Dünyanın bu təlatümlü vaxtında müsəlmanların Ramazan, orucla bağlı yekdil qərara gələ bilməməsi, qlobal məsələ deyil, bəs nədir?!. Söhbətə keçək.          
-Nəriman müəllim, öncə Ramazan ayınızı təbrik edirik. Allah tutulan orucları qəbul etsin...

-Çox sağ olun. 

-Nəriman müəllim, “Qurani-Kərim”də orucla bağlı konkret ayə var. Sizin qarşınızda Qurandan sitat gətirməyim hörmətsizlik olar...

-Qətiyyən, buyurun.

-... Konkret ayə, səhv etmirəmsə belədir ki, “ağ sap qara sapdan seçilincəyə qədər yeyin-için”. Amma hər dəfə biz şahid oluruq ki, Ramazan ayı ilə bağlı cədvəl tərtib olunur və orada göstərilən vaxtla müqayisədə ağ sap-qara sap nədi, göz-gözü görməyən vaxt oruca başlayırıq. İmsaq vaxtı göstərilən zaman hardasa gecəyə düşür. 

-Mən bir az arxaya, Ramazanın başlanğıcına gedim - orucluq nə zaman başladı. Ramazan ayının başlanması Türkiyədə aprelin 24-ü, Azərbaycanda isə 25-nə elan edilmişdi. Amma mən və bəlkə daha kimlərsə aprelin 23-dən oruca başladı. Nəyə görə, 23-ü? Ona görə ki, Ramazan ayı məhz aprel ayının 23-ü daxil oldu. Kosmik hesablamalara görə tam aydın oldu ki, saat neçədə, neçə dəqiqədə Ramazan ayı başlanır. Bu dəfə Ramazanın vaxtı dəqiq təsbit olunmuşdu. Ayın 23-ü səhər saat 6-dan sonra oruc tutulmalıydı. Çünki o vaxt başlandı yeni təqvim ayı. Sadəcə, müsəlman dünyası ayın görünməsini gözlədi, buna uyğun da proqnozlaşdırdılar. Ramazan ayı ilə bağlı "Qurani-Kərim"də şahidlik məsələsi var. Həm də aya – göy cisminin görünməsinə deyil, məhz təqvim ayının daxil olmasına şahidlikdən söhbət gedir. "Qurani-Kərim"də bu haqda açıq-aydın qeyd olunur. İmsaq vaxtı ilə bağlı da açıq-aşkar ayə - ağ sap qara sapdan seçilincəyədək – olmasına baxmayaraq yenə də cədvəl tərtib edir və səhvə yol verirlər. Ağ sapın qara sapdan seçilməsi zamanı toranlıq vaxtı deməkdir. Ala-toranlıq deyimi var bizdə. Həmin toranlıq vaxtından söhbət gedir. Amma baxırsan ki, ala toranlıqdan əsər-əlamət yoxdu, tam qaranlıqdı. Və imsaq vaxtı təyin edilib. Anlaya bilmirəm niyə belə qərar veriblər? Tək bizimkilər yox. Başqa ölkələrdə də belədir. 

-Səhv etmirəmsə, iftar zamanı üçün də belə deyilir ki, “axşamadək orucunuzu tamamlayın...”

-Bəli, belə ifadə edilir. Madam ki, imsaq səhər toranlıq vaxtıdı, iftar da toranlıq vaxtı açılmalıdı. Əvvəllər mən də gözləyirdim ki, qaranlıq düşsün, sonra orucumu açım. İndi iftar vaxtı düzgün təyin edilir. Bir neçə il əvvəl iftar zamanı da az qala qaranlığa qalırdı. İndi axşam toranı zamanı iftarlar açılır. Amma imsaq – oruca başlanma vaxtının nədən bu cür təyin edildiyi yenə də mənim üçün qaranlıq qalır. Mübahisə sübh vaxtı ilə bağlıdır. Çünki görünür, səma tam qaranlıqdı.

-Bəs belədə bizim orucumuz pozulmurmu? Günaha girmiş olmuruqmu?  Şübhə içində qalırıq...

-Niyə şübhə içində qalırsınız? Quranda nə yazılıb ona riayət edin. İmsaqı Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi vaxtdan 1-2 dəqiqə gec bağlayanda günaha girəcəksiz?! 

-Axı cədvəl insanı təsir altında saxlayır. Məsələn, bu gün (13 may) imsaq vaxtı cədvəldə 03:41 dəqiqə yazılıb. Saata baxdım ki, 41-dən 1 dəqiqə keçib, 2 udum su içməyi özümə rəva görmədim...

-Bu doğru deyil. Cədvələ bağlılıq yaranır insanlarda. 

-Siz də sözsüz yaşlı insanlardan eşitmisiniz, deyirlər ki, əvvəllər saat yoxuydu, göyə  baxırdıq, vaxtı ona görə ayırd edirdik. 

-Ən düzünü onlar eləyiblər. Toranlıq vaxtına qədər yeyib-içmək olar. Quranda yazılıb bu. “Ağ sap qara sapdan seçilincəyədək”. Bu, əlamətdir. Aydın bilinir ki, hansı zamana işarədir – toranlıq vaxtına. Amma QMİ cədvəl tərtib edib, mən fikrimi bildirdim, sözümə baxmadılar. Mən də öz bildiyim kimi edirəm. Çünki Qurana arxayınam. Mən Quran ayəsinə tabe oluram. Cədvəl şərti bir şeydir. 

-Ona görə deyirlər, dünya müasirləşdikcə, işlər yüngülləşməli olduğu halda, əksinə, çətinləşir. Halbuki, peyğəmbərimizdən belə bir hədis rəvayət edilir ki, asanlaşdırın, zorlaşdırmayın...

-Bu, “Qurani-Kərim”də ayədir: Rəbbiniz sizin üçün çətinləşdirmək istəməz, asanlaşdırmaq isətəyər. 

-Neçə ildir belədir, Ramazanın başlanması və bitməsi müxtəlif günlərə müəyyən edilir. Bəziləri 2-3 gün öncə oruca başlayırlar. Hətta 3 aylar başladıqda bəzi müsəlmanlar oruc tutur, Ramazanı oruclu qarşılayırlar. Amma elə insanlar var cədvələ tabe olub, göstərilən gündə başlayırlar. Belə çıxır ki, qəza etmiş oluruq. 

-Insanların nə günahı var bunda. Günahkar onu belə rəsmiləşdirənlərdədir. Fətva verirlər 25-i, hərçənd 23-ü başlayıb artıq. Sizə deyim ki, Ramazandan əvvəlki aylarda – Rəcəb, Şəbanda oruc tutmaqla bağlı Quranda buyruq yoxdur. Bu, ənənədir. Kim istəyir, oruc tutur. Orucun nə zaman tutulması ilə bağlı "Qurani-Kərim"də konkret ayə budur ki, Ramazan ayında oruc tutulmalıdır. Və başqa bəzi hallarda da oruc tutmaq var. 

-Yəni, hansısa bir günah işə görə tövbə etmək və oruc tutmaq?

-Bəli. Məsələn, bir xəta üzündən, texniki səbəbdən, istəmədən, kimsə kiminsə ölümünə səbəb olursa, ya qan bahası ödənməlidir, ya bir kölə azad etməli, yaxud məhbus azad etməlidir və sairə. Belə hallarda 2 ay fasiləsiz oruc tutmaq tövsiyə edilir. Kölə azad edəsi deyil, məhbus azad edəsi deyil. Bəlkə qan pulu ödəməyə də imkanı, gücü yetmir. Nəyə gücün çatırsa, onu elə. Heç nəyə gücün, imkanın çatmırsa, özünə ki, gücün çata bilər. Yəni, oruc tut. Belə məsələlər var. Quranda. 

-Digər dinlərdə də oruc tutmaq var. Başqa dinlərdə də eyni qaydadırmı?

-Yox, fərqlidir. Digər dinlərin mənsubları islamdakı kimi tam oruc saxlamırlar. Onlarda müəyyən qidalarla bağlı oruc tutulur. Deyək ki, yalnız su içmək olar və ya konkret hansısa qidaları qəbul etmək olar, ya olmaz. Yəni, başqa dinlərdə sübhdən axşamadək tamamilə yemək-içməkdən imtina etmək yoxdur. Ümumiyyətlə, oruc sözünün lüğəti mənası imtinadır. Imtinaya təkcə yemək-içmək daxil deyil. Bu imtinada danışmaqdan da imtina – susmaq var. "Qurani-Kərim"də ayə var, Zəkəriyyə peyğəmbər 3 gün susmaq orucu tutdu. 3 gün danışmadı. Ramazanda təkcə yemək-içməkdən imtina ilə kifayətlənməməli, həmçinin danışığa da diqqət edilməlidir. Bir qisim insanlar var ki, sussalar, danışmasalar yaxşıdı... Bunun başqa hikmətləri də var e... Bəlkə susduğun zaman  insan gözəl ilhamlı anlar yaşaya bilər. Təfəkkürü genişlənər... 

-Demək istəyirsiz, elə insan var, danışdıqca günaha batır, yaxşısı budur, sussun. 

-Müəyyən müddətə. Gecədən səhərədək danışsın... Yəni, bu potensial da var Quran məntiqində. Bunu da təqdim edir insanlara Quran. Allah belə bir seçim də verir bəndəsinə; bunu da edə bilərsən. 

-Həzrəti Məryəmə də Allahdan buyruq gəlir ki, danışma, de ki, orucam. İsa əleyhissalam doğulduğunda. Soruşurlar, bu uşaq hardandı, o da işarə edir ki, danışa bilmərəm, orucam...

-Bəli. Bu, susmaq orucudur. Oruc sözü ərəb dilində “siyəm”dir. Lüğəti mənalarından biri yenə də susmaqdır. 
-Nəriman müəllim, siz Ramazanın başlanma vaxtından danışdınız, amma bayram günü də 1 il əvvəldən müəyyənləşdirilir. Astronomik hadisə niyə belə qrafikləşdirilir, cədvələ, qəlibə salınır?
   
-Bu, ancaq islam dünyasındakı fikir ayrılıqlarına görə belə müəyyənləşdirilir. Bir qrup, konkret olaraq İran deyir ki, mən sizinlə bir olmayacam. O birisi də deyir, mən Ayı səndən tez gördüm... 

-Dəhşətdi.

-...Bir başqası da göydə Ayı axtarır, hərçənd ki, astronomik hesablama sənə saniyəsinədək vaxtı dəqiq deyir. Bu, keçmiş dövrlərdən günüməzədək, təəssüf ki, hələ də qalmış ənənə, daha doğrusu, siyasiləşmiş ənənədir. Müsəlmanlara belə problemlər yaradır. 
-Halbuki, Nəriman müəllim siz də təsdiqləyərsiniz, "Qurani-Kərim"də Allah (c.c) birləşin, bir-birinizdən ayrılmayın, bir-birinizə möhkəm yapışın (təxminən belə) buyurur. Özü də Ramazan kimi mübarək, rəhmət, bərəkət, bağışlanma ayında müsəlman dünyasının belə duruma düşməsi həqiqətən ürək ağrıdıcıdır...

-Bunu artıq dövlət siyasətinə çevirirlər. Tarixin yaratdığı siyasətin girovundadır bu insanlar. 

-Coğrafi məkan olaraq, saat qurşaqları baxımından aramızda belə bir böyük  məsafə var ki, Ramazan ayı deyək ki, Türkiyədə bir vaxtda, bizdə başqa vaxtda başlayır?

-Ayın görünməsi məsələsini bir kənara qoymaq lazımdı. Şahidlik göy cisminə yox, təqvim ayına olmalıdır. Ərəb dilində qəmər sözü də var – göy cismi olaraq Ay, həm də təqvim ayı mənasında “şəhr” sözü var. Amma biz həm göy cismini, həm də təqvimə ay deyirik. Məsələn, sentyabr ayı, oktyabr ayı və sair. Ramazanın başlanması da təqvim ayına görə təyin edilməlidir. Ay – göy cismi səmada, nə bilim üfüqdə...  göründü və sair, bunlar bəhanədir. Yalnız astronomik hesablamalarla təqvim ayının nə zaman daxil olduğu dəqiq bilinir. Müsəlman dünyası bununla hesabını aparmalıdır. O biri məsələ hədislərdən gələndir. Amma saat fərqi, bəli var. Başqa-başqa coğrafi məkanlarda saat fərqinin olması təbiidir. Fərqli “n” dairələrdir, çünki. Ona görə oruc məkana görə fərqli zamanlarda başlayır. Bütün dünya eyni zamanda orucunu bağlayıb, eyni zamanda iftar aça bilməzlər, təbii. Namaz vaxtları da buna görə fərqlidir. 

-Bəs fitrə zəkatı necə çıxarılmalıdır? Adətən minimum hədd götürülür – 3 kiloqram buğdanın dəyəri. Bununla bağlı konkret göstəriş varmı?

-"Qurani-Kərim"də fitrə zəkatı ilə bağlı heç nə yoxdur. Sadəcə, bunu zamanla belə müəyyənləşdiriblər. Miqdar zamana görə dəyişə də bilir. Kimin imkanı nəyə çatırsa, onu verir. Təbii ki, səxavətlə davranmaq daha yaxşıdır. "Qurani-Kərim"də bayramla bağlı da heç nə yoxdu. Sadəcə, peyğəmbər (ə) zamanından daxil olub. Yaxşı, bəyənilən haldır. Ümumiyyətlə, Ramazanı bütövlükdə bayram kimi keçirmək lazımdı. Amma xüsusi olaraq yığışmaq, bayram etmək, belə əmr, göstəriş Quranda yoxdur.   

-Sizin “Oxu” kitabınızın satışı təşkil olunurmu? 

-“Libraf” mağazalar şəbəkəsi yayır, bəli. 

-Necə düşünürsüz, yeni variantda tərcüməniz, ola bilərmi ki, bizim alışdığımız "Qurani-Kərim"i zaman keçdikcə əvəzləsin və ondan daha çox öyrənilsin? 

-Bu, tamamilə yeni tərcümədir. Əvvəlki Quranda mötərizədə verilən şərhlər hamısı şəriətdən gələn, hədislərin təsiri ilə yaranandı. Üslub fərqi də var. Hesab edirəm ki, gələcəkdə mənim tərcüməmim üzərində dayanılacaq. Bu tamamilə yeni tərcümədir, uydurma deyil. "Qurani-Kərim"dəki sözlər potensialdı. Daim yenilənir. Bu, canlı kitabdır axı. Onunla ünsiyyətdə olanda görürsən ki, hər dəfə sənə yeni bir söz deyir. Ənənəvi tərcümələrin nöqsan cəhəti budur ki, Quranda olmayan məsələləri insanların beyninə yeridirlər. Belə səhv siyasət qoyulub. Ənənə belə qoyulub. Bununla da islamı çox pis təqdim edirlər. Belə şeylər kənara qoyulmalıdır. Quran özü mətləbləri bizə açır. Təzə informasiyalar verir. Gülməlisi budur ki, ərəblərdə Quranın orijinalı olduğu halda və bu orijinal onlara yeni sözlər dediyi halda onlar qəbul etmir. Mənim söhbətim olub onlarla. Görmüşəm ki, qəbul etmirlər. Beyinlərində tıxanma var, millətçi bir tıxanma. Bu da ondan ibarətdir ki, peyğəmbər ərəbdir,  peyğəmbərin hədisləri var, yəni, onlar özləri üçün ikinci bir din formalaşdırıblar.

-Amma tərcümədəki mötərizələr izah kimi qəbul olunur. Bu baxımdan ki, elə insanlar var, anlamazlar, nəticə çıxara bilməzlər, ona görə izah edilir. 

-"Qurani-Kərim"də ayə var ki, “bundan hər kəsə pay düşür. Hər kəs anlaya biləcəyi səviyyədə öz payını ala bilər. Düşünürəm, mən də tərcüməmin üzərində çalışmalı olacam. Çalışacam çılpaq mətn kimi təqdim edim, mənim orda rolum görünməsin. Elə ayələr var, mən də anlamıram və orda 3 nöqtə qoymuşam. Məsələn, “biləcəksiniz”. Nəyi biləcəyik? Orda nöqtələr qoymuşam. Quranı açıq mətnlə oxumaq oxuyan insanda hansısa bir assosiasiya yarada bilər, hansısa xəyala apara bilər, düşüncə formalaşdıra, hansısa mətləbi aça bilər. Quranın gözəlliyi, böyüklüyü bundadı. 
-Siz düşüncə sərbəstliyi, düşüncə azadlığının tərəfdarısınız. 

-Mütləq. Çünki düşüncə sərbəstliyi, düşüncə azadlığı yeni-yeni hikmətlərin açılmasına kömək edir. Nəticə budur. Amma əvvəlki tərcümələrdə izahlar oxuyanı qaranlıqda saxlayır. 

-Bəlkə yönləndirir?

-Yönləndirmir, məhz qaranlıqda saxlayır. Məsələn, daşqalaq edilmək məsələsi, nəyə görəsə. Olmayan şeyləri Quran tərcüməsində mötərizələrə salıblar.

-Sonda arzunuz, istəyiniz, cəmiyyətə mesajınız nədir?

-Ancaq can sağlığı.