“Kasıbın çörəyinə “əl” uzadanlar məsuliyyət daşıyırlar” – Cəzalanacaqlar !  


"Gözü çıxan qardaş göz qabağındadır". Yeni kadrlar eyni səhvləri təkrarladığı halda hər biri cinayət məsuliyyətinə cəlb olunacaq"



"Dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları Prezident İlham Əliyevin kəskin və qətiyyətli mövqeyi ilə davam etdirilir".  
Bu sözləri “Sherg.az”a Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov deyib. 
Onun sözlərinə görə,  ölkəmizdə aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, kölgə iqtisadiyyatının aradan qaldırılması  təşkil edir: 

"Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipial mövqeyini bir daha diqqətə çatdırıb. Tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirib". 

Millət vəkilinin sözlərinə görə,  korrupsiya ilə mübarizə artıq dövlət səviyyəsində həyata keçirilir. Dövlət başçısı korrupsiya ilə bağlı öz fikirlərini qətiyyətlə bildirib. Bu sahədə dövlət tərəfindən kifayət qədər işlər görülüb: 

"Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir neçə  rayon icra hakimiyyəti başçılarının, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələri, Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşları cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilib. Sözügedən həbslər ölkə başçısının bu islahatlarda nə qədər qətiyyətli olduğunu göstərir.  Ümumi proseslər fonunda deyə bilərəm ki, ölkə Prezidentinin sözügedən bəyanatı özünü çox gözlətməyəcək və korrupsiyaya qarşı mübarizə qətiyyətlə davam etdiriləcək. Bu islahatlar şəffaflığın təmin olunması,  kölgə iqtisadiyyatının aradan qaldırılması üçün büdcə gəlirləri və ölkə iqtisadiyyatına  müsbət təsir göstərir". 

Milli Məclisin deputatı əlavə edib ki, Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır: 

"Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir".

A.Hüseynov diqqətə çatdırıb ki, həbs olunan şəxslərin yerinə təyin olunan kadrlar fəaliyyətlərində sələfləri kimi qanunsuz əməllərə  yol versələr, onların da taleyi eyni olacaq. Kasıbın  çörəyinə əl uzadan hər kəs  qanun qarşısında məsuliyyət daşıyır: 

"Gözü çıxan qardaş göz qabağındadır". Yeni təyin olunan kadrlar eyni səhvləri təkrarladığı halda mövqeyindən, statusundan asılı  olmayaraq hər biri cinayət məsuliyyətinə cəlb olunacaq".