"Sabiq icra başçılarının çoxu idarəçilik məktəbi keçməmiş adamlar idi" - Əhməd Qəşəmoğlu

"Hər dəfə də arxayın olurdular ki, pulu bölüşdüyü adamlar onları xilas edəcək"

"Təsəvvür etmək belə çətindir ki, restoran müdiri icra başçısı təyin edilir. Adamın 40 yaşınadək ali savadı olmayıb, icra başçısı təyin ediləndə özünə diplom “alır”

 Prezident İlham Əliyev korrupsiya, rüşvət, yeyinti hallarına qarşı sərt tədbirləri davam etdirir. Son günlərdə yüksək vəzifəli şəxslərin, bir neçə rayon icra başçısının, icra nümayəndələrinin məsuliyyətə cəlb olunması, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərin tutduğu postdan kənarlaşdırılması ölkədə ciddi islahatların aparıldığına sübutdur.

Prezident İlham Əliyev Kəlbəcər rayon icra başçısını videoformatda qəbulu zamanı işində nöqsanlara yol verənlərin cəzalanacağını bir daha vurğuladı. Prezident kimliyindən asılı olmayaraq bütün məmurların məhz bu prinsiplə işləməli olduğunu dedi: “dürüstlük, şəffaflıq, ədalət”. Və bunu da əlavə etdi ki, kimsə hesab edirsə ki, onlara kömək olunacaq, səhv edir. Tutulan dövlət məmurlarının acı taleyini yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar”. 

Prezidentin bu mesajı məmurları ayıldacaqmı? Sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında  kadr islahatlarının önəmini vurğuladı:
 


- Hələ 2004-05-ci ildə bir tədbirdə çıxış edərkən bildirdim ki, Azərbaycan hökumətinin əsas problemi kadr seçimi ilə bağlıdır. Bu açıqlamaya görə, başım da “ağrıdı”. Amma mən sosioloqam, mütəxəssisəm və gördüyüm çatışmazlığı söyləmək borcumdur. Niyə kadr seçimi problemi var? Çünki indi vəzifədə olan bəzi məmurlar vaxtilə başqa meyarlarla seçilib, onların müsbət təqdimatı səbəbindən vəzifəyə təyin ediliblər. Təsəvvür etmək belə çətindir ki, restoran müdiri icra başçısı təyin edilir. Adamın 40 yaşınadək ali savadı olmayıb, icra başçısı təyin ediləndə özünə diplom “alır”. Restoran müdirinin işi pul yığmaqdır.
 
 Bundan başqa idarəçilikdə heç bir təcrübəsi yoxdur. Belə bir adam əlbəttə ki, vəzifə başında da ancaq pul toplamaq və onu kimlərəsə ötürmək barədə düşünəcək, bu işlə məşğul olacaq. Sabiq icra başçılarının çoxu idarəçilik məktəbi keçməmiş adamlar idi. Hər dəfə də arxayın olurdular ki, pulu bölüşdüyü adamlar onları xilas edəcək. “Krışa”ları onların vəzifədən kənarlaşdırılmasına imkan verməyəcək. Amma göründü ki, xeyr, Prezident ciddi islahatlar aparır və vəzifəsinin öhdəsindən gəlməyən, vəzifə səlahiyyətləırindən sui-istifadə edən, korrupsiya, yeyinti hallarına yol verən, üstəlik də xalqı aşağılayan məmurlara qarşı haqlı olaraq necə sərt davrandı. Mən Prezidentin çıxışını alqışlayıram. Həyata keçirilən tədbirlər insanlarda inam yaradır ki, cinayət cəzasız qalmır.

 Bu hal, insanlara həm də psixoloji rahatlıq gətirir. Çünki insan daim ədalətin, haqqın qələbə çalmasını gözləyir. Haqq, ədalət yerini tutanda insan rahatlanır. Bu baxımdan Prezidentin addımları cəmiyyətdə psixoloji gərginliyi azaldır, yumşalma, sakitlik yaradır. Digər tərəfdən, həyata keçirilən tədbirlər hazırda vəzifə başında olan məmurlara da ciddi siqnal və mesajdır. Onlar özləri nəticə çıxarmalı, tələb olunduğu kimi işləyə bilmirlərsə, etiuraf edib istefaya getməlidirlər. Məmur özü nəticə çıxarmalıdır ki, işləyə biləcək, ya yox. Amma görürük ki, bəzən məmurlar vəzifədə qalmaq üçün son anadək mübarizə aparırlar, müxtəlif yollar axtarırlar. Prezident isə göstərdi ki, bu qaydalarla işləmək artıq qəbul edilməyəcək və səhvlər bağışlanmayacaq. Prezident həyata keçirdiyi tədbirlərdə səmimidir, nə edirsə, ürəkdən edir. Gərək məmurlar da bundan nəticə çıxarsın. Sosioloqlar, media da, çalışmalıdır ki, cəmiyyətə düzgün məlumatlar və doğru mesajlar verilsin.