Baş bankirə tutarlı CAVAB: “Azərbaycan nə Almaniyadır, nə də Amerika”

“Qəribədir ki, biz bankları yaradarkən Almaniya, bağlayarkən Amerika təcrübəsinə istinad edirik”


“Gələcəkdə nə qədər bankın bağlanacağını proqnozlaşdırmaq çətindir. Bu, Elman Rüstəmovun kefindən asılıdır”

 


Azərbaycan  Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında ölkədə fəaliyyət göstərən bank sektorunda yoxlamaların başa çatdırılmadığını deyib. O, qeyd edib ki, ilkin olaraq bankların kapitalının qiymətləndirilməsi prosesi həyata keçirilib: “Bu, olmasa idi, bağlanan bankların siyahısı daha böyük ola bilərdi.

İlkin bank portfellərinin qiymətləndirilmələrini həyata keçirimişik. Hesab edirəm ki, bu gün çap olunan hesabatlara inanmaq olar. Amma təbii ki, son dəqiqləşdirmələr mümkündür”. Hər birimizdə haqlı olaraq sual yaranır: əgər bankların bağlanma təhlükəsi var idisə, niyə vaxtında tədbir görülmürdü? Və nə üçün indi Elman Rüstəmov öz vəzifəsini yerinə yetirdiyinə görə (?) minnət qoymalıdır?!

 Bu barədə “Sherg.az”a danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov konkret sektorda nəzarətin olmadığı fikrindədir: 

“Bütün bankların fəaliyyətinə Mərkəzi Bank nəzarət etməlidir. Amma vəzifəsini yerinə yetirmir. Ona görə də belə problemlər meydana çıxır. Elman Rüstəmov bankların bağlanması ilə bağlı “Real tv”-yə müsahibə verərkən deyib ki, burda  qeyri-adi nə var?! ABŞ-da il boyu xeyli bankın bağlandığını arqument kimi göstərib. Elman müəllimə cavab vermək istəyirəm: Burda çox şey var. ABŞ-la Azərbaycandakı bank sistemi arasında kifayət qədər fərqlər mövcuddur. Əvvəla, ABŞ-da on minlərlə bank fəaliyyət göstərir. Çünki onlarda bank  yaratmaq çox asandır. 1 milyona bu işi görmək mümkündür. Ölkəmizdə isə bank təsis etmək üçün 50 milyon da kifayət etmir. Həm də Azərbaycan bankın yaradılması üçün irəli sürülən tələblərə görə dünyada ilk onluqdadır.

Eyni ilə Almaniyada olduğu kimi çox sərt tələblər hökm sürür. Halbuki orada bircə bank da bağlanmır. Bizdə isə cəmi 26 bank varlığını qoruyub saxlayıb. Qəribədir ki, biz bankları yaradarkən Almaniya, bağlayarkən Amerika təcrübəsinə istinad edirik. Ancaq Azərbaycan nə Almaniyadır, nə də Amerika. Elman Rüstəmov bunu nəzərə almalıdır”. 
 
 Ekpertin sözlərinə görə, bankların tez-tez bağlanmasının əsas səbəbi də qanunvericilikdəki boşluqlardır:

“ “Bank standart” ın fəaliyyətinə xitam veriləndə Ali məhkəmə səbəb kimi, qanun pozuntularını göstərmişdi. Doğrudan da, banklar vəzifələrini yerinə yetirmir, səlahiyyətlərindən sui-istifadə edirlər. Gələcəkdə nə qədər bankın bağlanacağını proqnoz vermək çətindir. Əgər belə demək mümkünsə, bu, Elman Rüstəmovun kefindən asılıdır. Çünki Mərkəzi Banka çox geniş səlahiyyətlər verilib. O, öz qərarında tamamilə müstəqildir. Bunun nəticəsidir ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri kiçik bir səhvə yol verən bankı dərhal bağlaya, qanunu ciddi formada pozan banka “dəyib-dolaşmaya” bilər. Şəxsən mən yalnız “Atabank”ın bağlanmasını ədalətli hesab edirəm. Onun haqqında qərar isə indi yox, çoxdan verilməli idi. İllərlə “Atabank”a güzəşt edib, sadəcə maliyyə problemləri ucbatından digər bankları dərhal bağlamaq humanistlik deyil”. 

Ə.Həsənov bank sektorunda şəffaflığın təmin edilməsi üçün bir neçə məqamın labüd olduğunu dedi:

“Hər şeydən əvvəl qanunvericilik dəyişməli, boşluqlar aradan qalxmalıdır. Bunu dövlət başçısı da vurğulayıb. O, iki dəfə bank məcəlləsinin dəyişilməsini tapşırıb. Ancaq heç kim prezidentin tapşırığına əməl etməyib. İkinci nüans kadr islahatı ilə bağlıdır. Vəzifəsinin öhdəsindən gələ bilməyən işçilər daha səriştəlilərlə  əvəzlənməlidir. Bunlarla yanaşı, ictimai nəzarət də unudulmamalıdır. Yəni qanunvericiliyə əsasən 7 nəfərdən ibarət idarə heyəti yaradılmalıdır. Onlardan 5-i bankda daimi əsaslarla işləyən, 2-si isə kənar şəxslər olmalıdır. Əfsuslar olsun ki, həmin adamların yeri 25 ildir, boşdur.  Söylədiyim çatışmazlıqlar aradan qalxsa, qanunvericiliyin tələbləri yerinə yetirilsə vəziyyət düzələr”.