“Verilişin, debatın “ağsaqqal”ı mənəm !” - Bardağı daşıran son damladan danışdılar !

Sevinc Telmanqızı:“Bir zəhmət qaydalara uyğun davranmağı öyrənəcəklər”

Pənah Hüseyn: “Ortada heç bir gərginlik yoxdur. Baş verənlər normal haldır”



Ötən gün “Yeni Müsavat”  TV – nin “Canlı debat” verilişində gərgin anlar yaşanıb. Verilişin aparıcısı, "Yeni Müsavat” media holdinqin əməkdaşı, tanınmış jurnalist Sevinc Telmanqızı ilə keçmiş baş nazir Pənah Hüseyn arasında yaşanan anlaşılmazlıq müzakirələrə səbəb olub.
Veriliş zaman sabiq baş nazir sözünün kəsildiyini əsas gətirərək hiddətlənib. Nəticədə Sevinc Telmanqızı ilə Pənah Hüseyn arasında gərginlik baş verib. Aparıcı canlı yayımda yaşadığı stressdən dolayı  ağlamaq məcburiyyətində qalıb.

Veriliş zamanı baş verənlərlə bağlı “Sherg.az”a danışan aparıcı Sevinc Telmanqızı təəssüf hissi ilə bildirib ki, 3 illik canlı yayın aparıcılığı təcrübəsində ilk dəfə efirdə gərginlik səbəbindən ağlamaq zorunda qalıb:

“Əslində peşəkar aparıcı bütün məqamlarda əsəblərinə məğlub olmamalı və daim soyuqqanlı olmalıdır. Amma biz robot olmadığımız üçün bəzən bu cür situasiyalarda həssaslıq nümayiş etdiririk. Bəli, gərginliyin səbəbkarı hörmətli Pənah bəy idi. Bizi diqqətlə izləyən tamaşaçılar bilir ki, Pənah bəyin iştirak etdiyi debatlarda olanda bir qayda olaraq gərginlik yaranır. Və bu, birinci dəfə deyil. Hörmətli eks- baş nazir uzun nitqlərin tərəfdarıdır və sözünün kəsilməsindən xoşlanmır. Nəinki xoşlanmır, moderatorun reqlament çağırış və tələbinə də olduqca aqressiv reaksiya bildirir. Dünən də belə oldu. YAP-çı millət vəkili suala cavab verərkən reqlament tələbinə riayət etsə də, Pənah bəy bunu etmədi, opponentindən iki dəfə artıq danışdı. Mən bunu qarşımdakı saatın dəqiqələrinə baxaraq müəyyən edirəm. Bunu görən kimi bir dəfə mədəni şəkildə xatırlatdım, riayət etmədi. İkinci dəfə durumu ələ almağa çalışanda isə onun aqressiv reaksiyası ilə üzləşdim. Kobudluq etdi, “sən”ə keçdi, “mən beləyəm, bəyənmirsən çağırma” dedi. Mən bu cür aqressiv münasibətə öyrəncəli olmadığım üçün əsəblərim dözmədi. Bəlkə də, bu durumun obyektiv səbəbləri ola bilər. Əksər müxalifət liderinə böyük efirdə, böyük kanallarda danışmağa, özünü ifadə etməyə o qədər imkan verilməyib ki, onlar bu cür imkanlar ələ düşəndə ondan maksimum istifadə etməyə çalışırlar. Ürəkləri doludur, sözləri çoxdur, efir isə onların üzünə səxavətlə açılmayıb. Amma bütün bunlar heç də o demək deyil ki, kimlərsə aparıcıya qarşı hörmətsizlik edə bilərlər”. 

Buna bənzər hallar dəfələrlə yaşandığını söyləyən həmkarımız onu da əlavə edib ki, bu gərgivlik bardağı daşıran son damla oldu:

“Kaş ki olmasaydı” deyirəm. Amma bu gərginlik baş verməsəydi, növbəti dəfə Pənah bəy moderatorun da funksiyasını özü icra edib, verilişi idarə etməyə qalxacaqdı. Burda mənim Pənah bəyin övladı yaşında olmağım, onun mənim atam yaşında olması heç bir əhəmiyyət kəsb etmir. Yolda-izdə, qonaqlıqda-yasda Pənah bəy ağsaqqalımdır, böyüyümdür, o, danışan yerdə səsimi belə çıxarmam, öncə ona yol verərəm. Amma studiyanın, verilişin, debatın “ağsaqqal”ı mənəm. Biz zəhmət qaydalara uyğun davranmağı öyrənəcəklər. Təkbətək müsahibələrdə heç bir tərəf gərginlik yaratmır. Amma debatlar zamanı problem çıxır. Çünki tərəflərdən biri mütləq digərinə daha çox söz, vaxt verilməsi ilə bağlı iddia irəli sürürlər. Ya da daha çox danışmaq istəyirlər”.

Sabiq baş nazir Pənah Hüseyn isə efirdə yaşananların gərginlik olmadığını düşünür:

“ Verilişdə olanları dəhşətli formada gərginlik adlandırmaq istəməzdim. Ortada heç bir gərginlik yoxdur. Baş verənlər normal haldır”.