“Korrupsiya istənilən ölkənin milli təhlükəsizliyi üçün təhlükədir” – Sabiq MTN zabiti


“Nə qədər ki, belə neqativ hallar var, xarici xüsusi xidmət orqanlarının müdaxiləsinə imkan yaranacaq”

“Odur ki, “təmizləmələr” kampaniya ilə kifayətlənməməlidir. Sistem tamamilə dəyişməli, parlament nəzarəti formalaşmalı, azad media olmalıdır”



  Həbs edilən icra başçıları bu vəzifəyə təyin edilən vaxtdan etibarən xalqın, dövlətin sərvətini  talamaqla,  gödəkçələrinin,  şalvarlarının heç də kiçik olmayan ciblərini doldurmaqla məşğul oldular. Bunu onların kabinetlərində aşkarlanan, torbalara yığılıb, ağzı bağlanan pullar sübut edir. Tərəzi ilə hesablana biləcək pullar məmurların illərlə çəkdikləri “zəhmət”in “halal” qazancıdır. Hökumətin həmin “meşok”ları müsadirə etdiyi məlumdur.

Amma bəs küncdə-bucaqda qalanlar, icra başçılarının torbaya yığmağa “unutduqları”?  Bəs həmin pullarla saxlanılan icra başçıları ölkənin milli təhlükəsizliyini təhdid altına ala bilcək addımlar ata bilərlərmi? 

Sualmızı cavablandıran ADP-nin qurucusu və sədri, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi nazirinin keçmiş müavini Sülhəddin Əkbər “Sherg.az”a bunları deyib: 

“Korrupsiya istənilən ölkənin milli təhlükəsizliyi üçün təhlükədir. Bu, xərçəng xəstəliyi kimidir- yayıldısa, məhv edəcək. Nə qədər ki, belə neqativ hallar var, xarici xüsusi xidmət orqanlarının müdaxiləsinə imkan yaranacaq. Odur ki, “təmizləmələr” kampaniya ilə kifayətlənməməlidir. Sistem tamamilə dəyişməli, parlament nəzarəti formalaşmalı, azad media olmalıdır. Əks halda mənimsənilən pullardan daha çox, mövcud vəziyyət arzuolunmaz nəticələrə səbəb ola bilər. Sistem xarici müdaxilə üçün açıq olmamalıdır. Bu zaman nə pul mənimsəniləcək, nə də milli təhlükəsizliyə təhdiddən söhbət gedəcək”.