Girovlardan xəbər var: “Atam məktubda yazmışdı ki...”

Kürdoğlu Əsgərov: “Salam” və “sağ ol”dan başqa heç bir şey yox idi” 

İlham Quliyev:  “Gözümüz yolda, qulağımız səsdədir. Bir məlumat yoxdur”

İllərdir girov saxlanılan həmyerlilərimiz Dilqəm Əsgərovla Şahbaz Quliyevin hər günləri onsuz da əzablıdır, çətindir. Bir tərəfdən də bütün dünyada yayılan koronavirus pandemiyası soydaşlarımızın sağlamlığı üçün ciddi təhlükə yaradır.

Soydaşlarımızın hansı şəraitdə saxlanıldıqları sual altındadır. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov  “Sherg.az”a açıqlamasında atasından xəbər gəldiyini deyib:

“Koronavirus pandemiyası ilə əlaqədar Beynəlxalq Qızıl Xaç komitəsinin girovların yanına gedib-gəlməyi də çətinləşib. Biz narahat idik. Odur ki, müntəzəm olaraq bu quruma müraciətlər etdik. Təxminən 15-20 gün əvvəl xəbər gəldi. Atam bizə məktub yazmışdı. Məktubda salam və sağ oldan başqa heç bir şey yox idi”. 

K. Əsgərov girovlarımızın azad olacağına inanır:

“Dünən prezidentin köməkçisi Hikmət Hacıyev də çıxışında dedi ki, girovlarımızın azad olunması istiqamətində işlər davam edir. Beynəlxalq qurumlar da maraqlanırlar. Əzizlərimizə qovuşacağımız gücü gözləyirik. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində “hamının-hamıya” prinsipin əsasında girovların dəyişdiriləcəyinə ümid edirəm.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev isə vurğuladı ki, xəbər gözləyirlər: “Necə deyərlər, gözümüz yolda, qulağımız səsdədir. Bir məlumat yoxdur. Gözləyirik”.