“Vətəndaşlar qoyulmuş qaydalara riayət etməlidirlər” - Açıqlama 

“Bu halda virusun yayılması baş verməz, olsa belə çox az hallarda ola bilər”

“Elə etmək lazımdır ki, virus yayılmasın və dövlət karantin tədbirərini gücləndirməyə məcbur olmasın”



“Dövlət həqiqətən də üzərinə düşən hər şeyi edir. Dünyada baş verən proseslər göstərdi ki, hər bir ölkə özünü qida və dərman vasitələri ilə mümkün qədər çox təmin etməlidir”. 
Bu fikirləri “Sherg.az”a açıqlamasında “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı deyib.
Onun sözlərinə görə, zəruri məhsulların daxili tələbatı ödəməsinə çalışmaq lazımdır. Bu, qlobal böhran vəziyyətlərində ölkəmizi xilas edə bilər:

“Bundan başqa, iqtisadiyyatın da şaxələndirilməsinin vacibliyi daha çox ortaya çıxdı. Neftin su qiymətindən aşağı düşməsindən sonra isə bu istiqamətdə tədbirləri sürətləndirməli və gücləndirməliyik.



Ona görə də, dövlət başçısının həyata keçirdiyi tədbirləri təqdirəlayiq hesab edirəm. Karantin tədbirlərinə gəldikdə, ölkəni iflic eləməyə heç bir ehtiyac yoxdur. Sadəcə vətəndaşlar qoyulmuş qaydalara riayət etməlidirlər. Bu halda virusun yayılması baş verməz, olsa belə çox az hallarda ola bilər.

Əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Elə etmək lazımdır ki, virus yayılmasın və dövlət karantin tədbirərini gücləndirməyə məcbur olmasın, əksinə aradan götürsün. Çünki indiki vəziyyət həm əhali, həm də dövlət üçün virusdan daha böyük problemlər yaradır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” müəssisəsinin açılışında iştirak edib. Ölkə başçısı koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafının aktual mövzuya çevrildiyini bildirib. Prezident virusla bağlı vəziyyətin tam nəzarətdə saxlanıldığını qeyd edib.