Üz-üzə ! - Jurnalistikada nəzəriyyə vacibdir, yoxsa təcrübə ? ! - Fikirlər haçalandı 

Cahangir Məmmədli: “Baş redaktor olsam, qəzet yazısını maraqlı yerində saxlayıb, davamının saytda verərdim, yaxud da əksinə. Qəzet də oxunardı, sayt da ”

İradə Tuncay: “Mən jurnalistikada nəzəriyyəni qəbul etmirəm”


Tədqiqatçılarla praktik jurnalistlərin ən çox müzakirə etdikləri, hətta bəzən mübahisəyə yol verdikləri mövzu jurnalist üçün nəzəriyyənin ya təcrübənin daha vacib olmasıdır. Adətən, ortaq məxrəcə gəlmək çətin olur. Maraqlıdır, vahid bir orqanizm kimi başa düşülən jurnalistikanın nəzəri və praktik yönlərində hansı çatışmazlıqlar var? Deyirlər, kənar göz daha yaxşı görür.

Odur ki, “Sherg.az” olaraq “Üz-üzə” rubrikası çərçivəsində yenə mütəxəssislərin fikirlərini öyrəndik:

“Heç vaxt yalan danışmayan qəzetlər var”

 Cahangir Məmmədli, BDU-nun Jurnalistika fakültəsinin professoru: “Əvvəla, onu deyim ki, mən redaktor olsam, ancaq qəzetə rəhbərlik edərdim. Bəzən çap mediasının yaxın zamanda sıradan çıxacağını düşünürlər. Amma belə deyil. Sizə bir fakt deyim, məşhur “Vaşinqton post” qəzeti 6 il əvvəl elektron versiyaya keçəcəklərini elan etdi. Bu, alınmadı. Çünki elektron qəzet çap qəzeti qədər reklam bazarına daxil olub, gəlir gətirə bilmədi. Transmilli mətbu orqan olan “Vaşinqton post”un illik gəliri 9-12 milyarddır. Vurğuladığım rəqəm çox ciddi göstəricidir. Biz dünya təcrübəsindən istifadə etməliyik. Əgər mən baş redaktor olsam , bir neçə məqama xüsusi diqqət yetirərdim. Qəzetdə dərc olunan yazını ən maraqlı yerində saxlayar və oxuculara materialın davamının saytda olduğunu bildirərdim. Yaxud da əksinə. Nəticədə həm qəzet oxunardı, həm də sayt.  “Komsomolskaya pravda” bu təcrübədən istifadə edir. İkincisi, xəbər janrına xüsusi diqqət yetirərdim. Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən “Şərq” bu baxımdan çox səciyyəvidir. Onun geniş oxucu kütləsi yığması da birbaşa olaraq informasiya bolluğu ilə əlaqədardır. Üçüncü nüans isə ondan ibarətdir ki, jurnalistika prinsiplərinə tam sadiq qalaraq dəqiq, qərəzsiz, tərəfsiz materiallar təqdim edərdim. Heç vaxt yalan danışmayan qəzetlər var. Məsələn “Arqumenti i faktı” koronavirus pandemiyasında Bill Geytsin əli olduğunu yazırsa, mən buna inanmaya bilmərəm”. 

“Dünya mətbuatını öyrənməklə jurnalist olmaq mümkün deyil”

 İradə Tuncay, “Ədalət” qəzetinin baş redaktoru: “Mən jurnalistikada təcrübənin vacib olduğuna inanıram. Jurnalistika həkimlik deyil ki...Fikrimcə, jurnalistikada hər sahəni bitirən adam çalışa bilər. Təki, həvəs, maraq, geniş mütaliə, dil bilgisi və yazmaq qabiliyyəti olsun. Hər şey təcrübədən irəli gəlir. Mən jurnalistikada nəzəriyyəni qəbul etmirəm. Necə müəllim olacağım barədə düşünməmişəm. Amma istənilən praktikaya nəzəriyyədən daha çox yer verərdim. Dünya mətbuatını öyrənməklə jurnalist olmaq mümkün deyil”.