“Paşinyan koronavirusa qarşı mübarizədə çətinlik çəkir” – AKTUAL

“Pandemiya qurbanları və yoluxanların sayı gizlədilir,  bu da yoluxma hallarının artmasına təsir göstərir”


Pandemiya dövründə adi insani münasibətlərdən tutmuş dövləti idarə edənlərin keyfiyyəti aşkar oldu. Bu virus həm də hökumət başçılarının təmsil etdiyi komandanın, siyası qüvvənin gücünün, birliyinin müəyyən olunmasına təsir göstərdi.Virus Ermənistanda da hakimiyyəti, cəmiyyəti silkələməkdədir. Ermənistanın Statistika Komitəsi bildirib ki, 2011-ci ildə keçirilən əhalinin siyahıyaalınması hesabatına əsasən, 2020-ci il yanvarın 1-də Ermənistan əhalisinin sayı 2 959 500 nəfər olub. Bu isə 2019-cu ilin uyğun dövrü ilə müqayisədə 5 600 nəfər azdır.

Politoloq Sədrəddin Soltan “Sherg.az”a açıqlamasında bildirib ki, Nikol Paşinyan koronavirusa qarşı mübarizədə çətinlik çəkir. O, koronavirusla bağlı məlumatları “Facebook” səhifəsində yazmaqla Səhiyyə Nazirliyi və ya bu sahəyə məsul quruma inamının olmadığını sübuta yetirir.  Politoloqun sözlərinə görə, Ermənistan ictimaiyyətindən pandemiya qurbanları və yoluxanların sayının gizlədildiyi bildirilir:

“Saylarla bağlı şəffaflığın qorunmaması ölkədə yoluxanların sayının artmasına da təsir göstərib. Bu istiqamətdə saxtakarlıq əhalinin pandemiyanın yayılmasına, hətta olmasına inamı azaldıb. Vəziyyətin ağırlığını Paşinyan da etiraf edərək deyib ki, Ermənistanda vətəndaşlar tərəfindən təcrid qaydalarına əməl olunmaması üzündən koronavirusa yoluxma halları getdikcə çoxalır və vəziyyət daha da pisləşə bilər. Bu da Ermənistanda fövqəladə vəziyyət rejiminin tətbiq müddətinin uzadılması üçün bəhanə və ya arqument sayıla bilərdi. Onun bu əsaslandırmasından iki gün sonra Ermənistanda mövcud rejim daha 30 gün uzadıldı. Ermənistanda fövqəladə vəziyyət rejimi mayın 14-də başa çatırdı. Ermənistan hökuməti mayın 13-də rejimin daha 30 gün, iyunun 13-dək uzadılması barədə qərar qəbul etdi”.

S.Soltan qeyd edib ki, koronavirus Nikol Paşinyana kömək edir. O, pandemiyaya qarşı mübarizəni bəhanə gətirərək fövqəladə vəziyyət rejimini siyasi rəqiblərini susdurmaq üçün tətbiq edir:

“Ermənistan hökumətinin başçısı keçmiş hakimiyyətin adamlarını cəzalandırmaqda davam edir”.