Tramp məktubunda Azərbaycanın nüfuzlu və güclü dövlət olduğunu bir daha təsdiq etdi - Ekspertin şərhi


 “ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə məktubu dünyanın fövqəldövlətinin ölkəmizlə əlqələrinin hazırkı səviyyəsinə aydınlıq gətirməklə yanaşı, iki dövlət arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçməsinin göstəricisi kimi də qəbul edilə bilər”.

Bu fikirləri  “Sherg.az”a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib. Baş redaktor bildirib ki, Donald Tramp məktubunda Azərbaycanın nüfuzlu və güclü dövlət olduğunu bir daha təsdiq edir:

“Bu, iki dövlət arasında yaxın tərəfdaşlıq münasibətlərinin göstəricisi kimi səciyyələndirilməlidir. Son 30 ilə yaxın dövrdə ABŞ-Azərbaycan tərəfdaşlıq münasibətləri yüksək dəyərləndirilir, bu əlaqələrin davamlı inkişafı arzu edilir. ABŞ Prezidenti Birləşmiş Ştatların qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün  çalışdığını, daim Azərbaycan xalqının yanında olduğunu, demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin  möhkəmləndirilməsinə sadiqliyini bildirib. Həmçinin D.Tramp ABŞ-in regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək ATƏT-in  Minsk qrupu prosesi vasitəsilə Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakını davam etdirəcəyini vurğulayır”.


V.Rəhimzadə qeyd edib ki, məktubun məzmununda dünyanın nüfuzlu dövlətlərindən olan ABŞ-ın Azərbaycana, onun suverenliyinə və müstəqilliyinə dəstəyi aydın şəkildə görmək  olur:

“D.Tramp bildirir ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Məktubda beynəlxalq hüququn dövlətlərarası münasibətləri tənzimləyən təməl norma və prinsiplərinə diqqətin göstərilməsi  təsadüfi hesab edilməməlidir. Dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun əsas aparıcı qüvvəsinə, sabitləşdirici faktora çevrilib. ABŞ Prezidentinin məktubunda da bu uğurumuza işarə özünü qabarıq şəkildə büruzə verir. Həmçinin bildirilir ki, ABŞ beynəlxalq təhlükəsizliyin gücləndirilməsində Azərbaycanı əsas tərəfdaşı hesab edir. Göründüyü kimi, ölkəmizin beynəlxalq sülhə, təhlükəsizliyə, qlobal inkişafa verdiyi töhfələr beynəlxalq səviyyədə yüksək dəyərləndirilir”.
V.Rəhimzadə vurğulayıb ki, ABŞ Prezidentinin məktubu Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstək verməklə yanaşı, qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesinə xələl gətirən işğalçı Ermənistanın hazırkı rəhbərliyinin ünvanına ciddi mesajları da özündə ehtiva edir:
“ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ Ermənistanın danışıqlar formatının dəyişdirilməsi cəhdlərini rədd edir. Məktubda yer alan  bu məqamlar Azərbaycanın tarixi torpaqlarının işğalının dünyanın böyük  nüfuza malik dövləti tərəfindən qəbuledilməzliyi kimi diqqət çəkir”.

 Baş redaktor onu da qeyd edib ki, ABŞ-ı təmsil edən CISCO şirkətinin təşəbbüsü ilə ölkə başçısı İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında mayın 15-də  keçirilən videokonfransda cənab Prezidentimiz iki dövlət arasında münasibətlərə diqqət yönəldərək ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu bildirib:

“ABŞ Prezidentinin məktubunda dünyanı bürüyən pandemiyaya qarşı mübarizədə Azərbaycan nümunəsinə yüksək dəyər verildiyi də yer alıb. D.Trampın məktubunu ümumilikdə iki böyük dövlət və iki böyük xalq arasında əlaqələrin, rəsmi Vaşinqtonun Azərbaycana dəstəyinin parlaq ifadəsi kimi dəyərləndirmək olar”.