"Tapşırıq belədir ki, korrupsiyanın real xəritəsi çıxarılsın" - Ekspert

"Bu, təkcə aidiyyatı qurumların vəzifəsi deyil. Cəmiyyətin də bu prosesdə iştirakı vacibdir"

"Sağlam cəmiyyətin qurulması üçün rüşvətin, korrupsiyanın kökünün kəsilməsi çox vacib amildir". 

Bunu "Sherg.az"a açıqlamasında “Resurs” Analitik İnformasiya Mərkəzinin sədri, siyasi ekspert Rasim Quliyev deyib.

Siyasi şərhçi bildirib ki, korrupsiya cəmiyyəti, dövləti daxildən çürüdən bir parazit, virusdur:

"Rüşvətin vüsət alması və dövlətin strukturlarında yayılması epidemiyanın bir növüdür. Bu, bir infeksiya, mənəvi xəstəlikdir. Ona görə də cənab Prezident korrupsiyaya qarşı qətiyyətli mübarizə nümayiş etdirir. Qeyd edim ki, hazırda korrupsiyaya qarşı mübarizədə Dövlət Təhlükəsizlik Xidmətinin  önə çıxması, xüsusi əməliyyatlar keçirməsi təsadüfi deyil. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri hörmətli Əli Nağıyev korrupsiyaya qarşı mübarizə idarəsində müavin kimi fəaliyyət göstərib. Görünür, cənab Prezidentin tapşırığı belədir ki, korrupsiyanın real xəritəsi çıxarılsın və ilk növbədə daha çox rüşvətə bulaşanlar aradan qaldırılsın. Korrupsiyaya qarşı mübarizə prosesində həm hüquqi prosedurlar tətbiq olunur, cəzalar verilir, həm də dövlət tərəfindən maarifləndirmə işi aparılır. DTX tərəfindən keçirilən əməliyyatların mətbuatda geniş yayılması korrupsiya faktlarının ifşa olunması da məhz maarifləndirmə işinə xidmət edir".

R.Quliyev bəyan edib ki, dövlət xalqa mesaj verir ki, korrupsiyaya qarşı mübarizə ictimaiyyətin bütün təbəqələrində aparılmalıdır:

"Bu, təkcə aidiyyatı qurumların vəzifəsi deyil. Cəmiyyətin də bu prosesdə iştirakı vacibdir. Cənab Prezident dəfələrlə qeyd edib ki, cəmiyyəti, dövləti içəridən parçalayan rüşvətxorluq kökündən kəsilməlidir. Hamı buna qarşı mübarizə aparmalı, heç kim rüşvətə göz yummamalıdır".