"Tramp sadəcə olaraq Şərqin ilk demokratik respublikasının növbəti il dönümü ilə bağlı məktub yazmadı, həm də..."


“ABŞ Azərbaycana xüsusi əhəmiyət verir. Ümumiyyətlə, bütün müstəqillik dönəmində ABŞ mümkün qədər Azərbaycana dəstək olmağa çalışıb. Təbii ki, Azərbaycan da sadiq tərəfdaşlıq nümayiş etdirib”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Analitik bildirib ki, xüsusilə 9 sentyabr Nyu Yorkdakı terror aktından sonra Azərbaycanın terrora qarşı Ümümdünya Mübariz Cəbhəsində öndə gedənlərdən və ABŞ-ın çağırışlarına öncə cavab verənlər sırasında olması ABŞ-ın ölkəmizə münasibətini müəyyənləşdirən faktlar arasındadır:

“Məlumdur ki, Azərbaycanın neft ehtiyatlarının işlənilməsi ilə bağlı ABŞ yenə də ölkəmizlə ciddi əməkdaşlıq edir. Bu əməkdaşlıqda istər regional, istərsə də qlobal layihələrdə ABŞ-Azərbaycan tərəfdaşlığı həmişə Azərbaycan tərəfindən yüksək səviyyədə həyata keçirilib. Ölkəmiz sadiq tərəfdaş olub və olmağa davam edir. ABŞ-ın xüsusilə dəyər verdiyi demokratiya və insan haqları məsələlərində Azərbaycan hər zaman açıq olub, ABŞ-la müzakirələrdən heç vaxt çəkinməyib, əksinə ABŞ-dan gələn ekspertlərin və ayrı-ayrı dövlət adamlarının üzünə qapını açıb ki ölkəmizdə də insan haqları ilə bağlı müəyyən müzakirələr aparılsın. Bu baxımdan Trampın 28 may Azərbaycan Xalq Cumhuriyyəti günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı məktubu yüksək dəyərləndirə bilərik. Tramp sadəcə olaraq Şərqin ilk demokratik respublikasının növbəti il dönümü ilə bağlı məktub yazmır, o, fürsətdən yararlanaraq Azərbaycanla-ABŞ arasındakı münasibətlərə yenidən öz dəyərini verir, yüksək qiymətləndirir və bu istiqamətdə davam etmə istəklərinin olduğunu bəyan edir. Düşünürəm ki, xüsusən də dünyanın qarışıq olduğu vaxtda ABŞ-ın Azərbaycana bu cür  münasibət göstərməsi bizim üçün lazımlı və dəyərlidir. Ona görə ki, hər tərəfdən Azərbaycanın üstünə gəlmək istəyən qüvvələr var. Həmin qüvvələr istənilən halda dünyanın bir nömrəli qlobal gücü olan ABŞ-ın münasibəti ilə hesablaşmalı olacaqlar. Düşünürəm ki, məktubun əsl mahiyyəti bundadır”.