"Gənc müğənnilərdə bizim dövrümüzdəki kimi emosiya, hiss həyəcan yoxdur" - Əməkdar artist Elxan Şirinov    

 
 İki aya yaxındır ki, davam edən xüsusi karantin rejiminin son günlərini yaşayırıq. Ayın 18-dən etibarən qaydalar bir az da yumşaldılacaq. Yeni qərara əsasən evdən çıxmaq üçün alınan icazələr ləğv olunacaq.

Qismən də olsa əvvəlki həyatımıza qayıdırıq. Uzun zamandan sonra evdən sərbəst şəkildə çıxacağıq. Əlbəttə gigiyena və izolyasiya qaydalarına əməl etməyi unutmamalıyıq. Pozitiv düşüncələri itirmədən özümüzü qoruyaq. 

Görəsən bu dövrdə həmişə göz qabağında olan tanınmışlar nə işlərlə məşğul idi?

Elə bu sualı ünvanlamaq məqsədilə sevilən müğənni, əməkdar artist Elxan Şirinovla əlaqə saxladıq. "Şərq"ə karantin rejimini hamı kimi qaydalara əməl edərək keçirdiyini söyləyən sənətçi indiki dövrün gənc müğənnilərinin fəaliyyətindən və ifalarından söz açdı:

"İstedad var, amma çox müasir səpkidədir. Bizim dövrümüzdəki kimi  emosiya, hiss həyəcan belə şeylər yoxdur. Təbii, axtarıb tapmaq lazımdır. Amma görünür şərait belədir."

Müğənni öz yaradıcılıq işlərindən də danışıb:

"Yenə bəstəkarlar, yazanlar var. İki-üç il müddətinə təxminən albom səviyyəsində, keçmişdə olduğu kimi mahnılar hazırlamışam. Təəssüf, o dövrdəki kimi kaset, albom çıxmır. Onu hansısa bir firma boynuna götürmür. Gərək  hər kəs özü etsin. Əvvəlki kimi albom yaratmaq mümkün olmur. Texnologiyaların inkişafı ilə əlaqədar hər şey YouTube-dədir... Ona görə YouTubedə bir alboma yaxın mahnılarım var.  İki il bundan əvvəl keçmişdən tanıdığım adamlara müraciət etdim.  İnformasiya verdilər ki, artıq  kaset çıxarmaq olmur. Ola bilər yeni sistemdir. Hər halda tələbat yaransa olar, Müasir texnologiyalara görə tələbat yoxdur.