Arif Quliyevin doğum günüdür: "Təqaüddə olsam da diqqətdə saxlayırlar"


 Bu gün həmişə güldürən, sevilən aktyor, xalq artisti Arif Quliyevin doğum günüdür. Sənətkar 70-ci yaşını qeyd edir. Bu uzun ömür yolu boyunca Arif Quliyev "Bəyin oğurlanması", "Bəxt üzüyü", "Evləri köndələn yar" kimi neçə-neçə məşhur filmdə rol almış,  teatr səhnəsində də aktyorluq məharətini göstərmişdir. 

Bunlarla yanaşı sənətkar Azərbaycan televiziyasında da fəaliyyət göstərmiş "Bığ əhvalatı", "Şans", "Qaynana" kimi teletamaşalarda müxtəlif rollarda çıxış etmişdir. Onun canlandırdığı obrazlar xalq tərəfindən sevilmiş, yaddaşlarda silinməz izlər  buraxmışdır. 

Biz də "Sherg.az" olaraq sevimli sənətkarımızı unutmayıb, kollektivimiz adından təbriklərimizi və xoş diləklərimizi çatdıraraq onunla həmsöhbət olduq. Xalq artisti ad gününü necə keçirdiyindən, onu kimlərin təbrik etdiyindən danışdı:

"Əla, evdə oturmuşam. Hamı təbrik etdi,  adların deyə bilmirəm çoxdur. Ruhən hələ cavanam, işlərim əladır.  Təqaüddəyəm, istirahət edirəm, hər şey  qəşəngdir, gözəldir.  Bütün insanlara Allah can sağlığı versin ki, məni yad ediblər. Bu gün  saat 8-də "Real TV"də  haqqımda verliş olacaq. Dediyim odur ki, təqaüddə olsam da diqqətdə saxlayırlar.

Sənətkar yubileyi ilə bağlı planlarının olduğunu, lakin koronavius infeksiyası  ilə əlaqədar təxirə saldığını söylədi:

"Düşünürdüm, ayın 15-i, 16-ı aktyor evində olmalı idi. Lakin pandemiyaya görə gün dəyişdi. Allah qoysa iyula, avqusta, sentyabra 70 illiyimi keçirəcəm. Qalan hər şey əladır, əsas can sağlığıdır."

Son olaraq xalq artisti "Şərq" komandasına ən xoş arzuları ilə təşəkkürlərini bildirdi:

 "Şərq" qəzetinə, Akif müəllimə  böyük hörmətim var. Kollektiv olaraq məni həmişə diqqətdə saxlamısınız, saxlayırsınız.  Ona görə hər birinizə   can sağlığı, könül xoşluğu, ürək sevinci  arzu edirəm, həmişə yaxşı olasınız. Qəzetiniz, saytınız oxunur, diqqətdədir.  Maraqlı, insanları düşündürən, real informasiya verən qəzetdir, saytdır".

P.S Biz də "Şərq" qəzetinin koollektivi adından sevimli sənətkarımızı təbrik edib, ona can sağlığı arzulayırıq.