"Milli Şura"da siyasi müflislik: hərc-mərclik, nifaq və istefalar...

“Müzakirədə səslənən fikirlər bu qurumun demokratiyadan, plüralizmdən nə qədər uzaq olduğunu bir daha gözlər önünə sərdi”



Ötən gün "Milli Şura"nın videokonfrans formatında keçirilən iclasında səslənən ziddiyyətli fikirlər, təhqiramiz ifadələr qurumdakı parçalanmanı daha da sürətləndirib. Ümumiyyətlə, bu qurum yarandığı gündən ciddi, milli xarakterli, ideoloji dəyərləri təbliğ etmək əvəzinə dünya tərəfindən qəbul edilməyən cinsi azlıqlar məsələsini müzakirə etməklə məşğuldur. Pandemiyanın tüğyan etdiyi bir zamanda daha ciddi məsələlərin müzakirə edilməsi əvəzinə, cəmiyyətin əxlaqi dəyərlərinə hörmətsizlik göstərən bu şəxslər öz aralarında didişməyə başladılar. Eldəniz Quliyev, Vasif Manaflı kimi koordinasiya üzvlərini itirən "Milli Şura" adlı qurum həmin şəxlər tərəfindən də ciddi qınaq obyektinə çevrildi. E.Quliyev istefasının səbəblərindən danışmaqla qurumun daxilində nə qədər hərc-mərcliyin, nifaqın olduğunu ortaya qoydu. Baş verənlər bu qurumun həm ideoloji, həm siyasi cəhətdən tükəndiyinə bir işarədir. 

Sözügedən qurumdakı qarşıdurmanı "Sherg.az"a şərh edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, daim iqtidarı insan haqlarını pozmaqda ittiham edən bu şəxslər özləri insan haqlarını tapdaladılar. Partiya sədrinin sözlərinə görə, "Milli Şura" Koordinasiya Mərkəzindəki məlum onlayn müzakirədə baş verən olaylar, səslənən fikirlər bu qurumun demokratiyadan, plüralizmdən nə qədər uzaq olduğunu bir daha gözlər önünə sərdi:

"Onlar  "demokrat" qiyafəsinə bürünmüş antidemokratik siyasətçi olduqlarını ortaya qoydular. Əvvəlcə cinsi azlıqları təhqir edənlər sonra da onlardan üzr istədilər. Amma maraqlıdır ki, nədənsə, yalnız cinsi azlıqlardan üzr istədilər. Təhqir etdikləri digər şəxslərdən, siyasi qüvvələrdən, xüsusən də Müsavat Partiyasının liderlərindən üzr istəmək isə heç yadlarına da düşmədi. Eldəniz Quliyevin "Milli Şura"nı tərk etməsini də başa düşmək və anlayışla qarşılamaq olar. Çünki özünə azca hörmət edən istənilən bir şəxs etik qaydaların gözlənilmədiyi, siyasi əxlaqın mövcud olmadığı, "ikili standart"ların baş alıb getdiyi belə bir qurumun sıralarında heç bircə gün də qalmaz. "Milli Şura"nın həmin müzakirəsi siyasi iflasın təntənəsidir. Bu qurumun lidercikləri xalqın qarşısına çıxıb üzr istəməli və siyasi müflisliklərini bəyan etməlidirlər".