"Milli Şura" üzvləri xalqdan üzr istəməlidir”

“Çünki onlar öz ifadələrinə, müzakirə etdikləri mövzuya görə cəmiyyət qarşısında məsuliyyət daşıyırlar"



""Milli Şura" adlanan qurum tərəfindən Cəmil Həsənlinin rəhbərliyi ilə anti-milli ünsürlərin iştirakı ilə söyüşlə, təhqirlə, etikadan kənar formada bir videokonfrans keçirilib".

Bunu "Sherg.az"a millət vəkili Cavid Osmanov deyib.

Deputat bildirib ki, "Milli Şura" üzvləri videokonfransda söyüş və təhqir dolu ifadələr işlətdiyi üçün xalqdan üzr istəməlidir:

"Videokonfrans canlı olmasına baxmayaraq, iştirakçılar təhqir, söyüş dolu ifadələr işlədiblər. 

Canlı yayımda özləri öz aralarında xəbərdarlıq edilmələrinə baxmayaraq təhqiri, söyüşü bir az da çoxaldıblar. Hətta "demişəm, yaxşı etmişəm" kimi ifadələr sərf ediblər. 

Bununla yanaşı, Azərbaycan xalqına, milli mentalitetinə yaraşmayan bir mövzu olan cinsi azlıqlar haqqında danışıblar. Bu mövzunu müzakirə etməklə milli-mənəvi dəyərlərimizə də təsir etməyə çalışıblar".

Parlament üzvü vurğulayıb ki, cinsi azlıq mövzusu onlar üçün adi hal olsa da, Azərbaycan xalqının milli mentalitetinə, milli-mənəvi dəyərlərinə heç cür yaraşmayan məsələlərdir:

"Təəssüf ki, belə adamlar canlı yayımda bu cür mövzularla çıxış edirlər. Eyni zamanda söyüşlər, təhqirlər yağdırmaqla öz iç üzlərini, qeyri-etik ünsiyyət formasını canlı yayımda nümayiş etdirirlər. Görünür, bu, onlar üçün adi haldır. Baş verənlər Azərbaycan xalqına qarşı növbəti təhqirdir. Mən onlardan tələb edirəm ki, hər biri çıxıb canlı yayımda Azərbaycan xalqından üzr istəsin. Çünki onlar öz ifadələrinə, müzakirə etdikləri mövzuya görə cəmiyyət qarşısında məsuliyyət daşıyırlar".