Baba Vəziroğlu ittihamlara cavab verdi: “Onda gərək Milli Məclisin spikeri işləməsin !”

Bir müddət öncə şair, kinodramaturq Baba Vəziroğlu İTV-də yayınlanan “3D” verilişində Dadaş Dadaşlinskinin qonağı olub. Lakin verliş yayımlanandan sonra mediada şairə qarşı ittihamlar irəli sürüldü.

B.Vəziroğlunun 66 yaşı olduğu üçün evdən çıxaraq  izolyasiya qaydalarını pozduğu  iddia olundu. Hətta İTV-nin də 65+ şəxsi dəvət etdiyinə görə qayda pozuntusuna yol verdiyi söylənildi. Lakin gözdən qaçan bir məqam var. Baba Vəziroğlu AzTv-nin Bədii Şurasının üzvüdür, onun evdən çıxmasında heç bir məhdudiyyət yoxdur.

Hətta bunları bir müddət öncə "Sherg.az"a verdiyi müsahibədə şairin özü qeyd etmişdi. 
Biz də bu amili nəzərə alaraq məsələyə aydınlıq gətirməsi üçün Baba Vəziroğlu ilə əlaqə saxladıq. Əməkdar incəsənət xadimi mətbuat işçisi olduğunu söyləyərək icazəsinin olduğunu təsdiqlədi:

"Kütləvi elektron informasiya vasitələrində çalışan, vəzifəli insanam. Nə var burda? Başa düşmədim, onda gərək nazirlərin əksəriyyəti, Milli Məclis spikeri işləməsin.  Elə şey olar?  O   qədər gülməlidir ki,  şərh vermək lazım deyil. Görürsünüz normal qarşılayıram. Bəlkə, dediklərim kiminsə xətrinə dəydiyi üçün belə  bir şayiə yayıb. Boş şeylərdir..."