“CISCO”nun texnoloji nailiyyətlərinin tətbiq edilməsi əsas hədəfdir"

Elman Nəsirov:“Bu, hər iki tərəfin maraqları üçün əhəmiyyətlidir”



“CISCO şirkətinin rəhbərliyi ilə keçirilən görüş bir daha onu göstərdi ki, ABŞ, eləcə də dünyanın ən nəhəng transmilli şirkətləri Azərbaycanda gedən prosesləri diqqətlə izləyirlər”. 

Bunu “Sherg.az”a millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Deputat bildirib ki, şirkət rəhbərləri Azərbaycanın yüksək texnologiyaların inkişafına ayırdığı diqqəti, bu istiqamətdə atdığı addımları təqdir ediblər

“CISCO müasir yüksək texnologiyalar sahəsində dünyanın aparıcı şirkətlərindən birinə çevrilib. Şirkətin təkcə illik dövriyyəsi 50 milyard dolları keçir, hər il orta hesabla qazancı 11-12 milyard dollar təşkil edir. Aktivləri 105 milyard dolları ötüb və təxminən 76 minə yaxın işçisi var. Belə nəhəng şirkətin Azərbaycanla əməkdaşlığının olması hər iki tərəfin maraqları fonunda baş verib. Şirkət rəhbəri bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə sonuncu dəfə Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində görüşüblər, çox məhsuldar danışıqlar olub.

Xüsusilə də Azərbaycanla “Smart ölkə”, “Smart şəhər” layihələri, təhsil, yüksək texnologiyalar, kənd təsərrüfatı sahələrinin elektronlaşdırılması sahəsində rəqəmsal texnologiya və iqtisadiyyat sahəsində əməkdaşlığın əsasları qoyulub və onun geniş perspektivləri var. Bu sahədə çoxlu işlər görmək mümkündür”.

Parlament vurğulayıb ki, şirkət rəhbərliyi Prezidentin rəqəmsal texnologiyalara xüsusi diqqət yetirdiyini vurğulayıb: 

“CISCO şirkətinin imkanlarından, texnologiyasından istifadə edərək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə görüşü, eyni zamanda Qoşulmama Hərəkatının Təmas qrupunun zirvə görüşləri keçirilib. Bu görüş də eyni texnologiyadan istifadə nəticəsində reallaşıb. Bu, olduqca əlamətdar hadisədir. Xüsusilə suvarma sistemlərində məhz rəqəmsal texnologiyaların tətbiqi və suvarma prosesində sudan istifadədə itkilərin minimuma endirilməsi əsas hədəflərdən biridir.

Prezident İlham Əliyev də vurğuladı ki, hər il Azərbaycanda 40-50 faiz su itkisi baş verir. Bu nöqteyi nəzərdən də müasir smart texnologiyaların tətbiqi bu sahədə üzləşilən problemlərin həllinə kömək edə bilər. Bundan sonra da “Smart ölkə” , “Smart şəhər” layihələri, eyni zamanda kiber təhlükəsizlik, səhiyyə, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi və CISCO şirkətinin texnoloji nailiyyətlərinin tətbiq edilməsi əsas hədəflər sırasındadır. Bu, hər iki tərəfin maraqları üçün əhəmiyyətlidir”.