“Azərbaycan texnoloji avadanlıqları idxal yox, ixrac edəcək” - Ekspert


Bir neçə gün əvvəl Prezident İlham Əliyev CİSCO şirkətinin rəhbərləri ilə videokonfrans keçirib. Videokonfransda  dünya liderləri, aparıcı biznes, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən Azərbaycan Prezidentinin təşəbbüslərini təqdir edib və dövlət başçımızın liderlik səylərini yüksək qiymətləndiriblər. 

 CISCO şirkətinin icraçı vitse-prezidenti  və baş maliyyə direktoru Kelli Kramer qeyd edib ki, Azərbaycan dövlət başçısının texnologiyaya belə açıq olması məmnunedici haldır. Prezident İlham Əliyevin təkcə regionda deyil, dünya miqyasında texnologiyaya dəstək verən lider olduğu vurğulanıb.
 
 Bununla bağlı “Sherg.az”a münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov ölkədə texnologiyanın yüksək sürətlə inkişaf etdiyini bildirdi:

“Son on ildə bizdə bu sahə çox inkişaf edib. Süni peyklərin buraxılmasından tutmuş, yerli innovasiya məkanlarının yaradılmasına qədər bütün istiqamətlərdə texnologiyanın inkişafı hiss olunur. Düzdür, müəyyən problemlər var. Çünki innovativ texnoloji avadanlıqları özümüz istehsal etmirik.  Buna görə də texnoloji parklar yaradılır. Yaxın gələcəkdə biz texnoloji avadanlıqları idxal yox, ixrac edəcəyik”. 

S. Abbasovun sözlərinə görə, İKT-ın inkişafı hər bir dövlət üçün vacibdir:

“Biz pandemiya dövründə texnologiyanın hansı əhəmiyyətə malik olduğunu bir daha gördük. Bu, hər şeydən əvvəl informasiya təminatı baxımından  labüddür. İKT-ın inkişafı hər bir ölkənin ümumi inkişafına təsir göstərir, həmin prosesi daha da sürətləndirir, optimallaşdırır. Əminliklə demək olar ki, Azərbaycan da bu prosesə mühüm töhfələr verir”.