Çinli səfirin ölümündə siyasi motivlər varmı? - Politoloqlar dilemma qarşısında... !

Çinin İsraildəki səfiri, 57 yaşlı Du Vey mayın 17-də Təl-Əviv yaxınlığındakı iqamətgahında, öz yatağında ölmüş halda tapılıb.

İsrail mediasının məlumatına görə, diplomatın bədənində zorakılıq izlərinə rast gəlinməyib. Səfirin ürəktutmadan öldüyü ehtimal edilir. Bir qrup isə bu hadisədə siyasi motiv axtararaq, ABŞ-ı, İsraili günahlandırır.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında deyib ki, məsələni siyasiləşdirməyə ehtiyac yoxdur:

“Məncə, bu, təbii ölümdür. Düzdür, koronavirusun yayılması ilə əlaqədar bir çox ölkələr, o cümlədən ABŞ Çinin üstünə düşüb. İsrail də ABŞ-ın strateji müttəfiqidir. Amma nə ABŞ, nə də İsrail Çinin səfirinin ölümündə maraqlı deyil. Belə olan halda, Çinin, necə deyərlər, yaxasını kənara çəkməsi üçün şərait yaranar. Halbuki bu, müttəfiqlərin heç birinə sərf eləmir. Əgər analoji hadisə başqa ölkələrdə də baş versə idi, şübhələnməyə əsas olardı. İndiki halda isə səfirin ölümünü təbii qiymətləndirmək lazımdır. Yəqin ki, səbəb, həqiqətən, ürəktutmasıdır”.

Politoloq şübhəli məqamları da qeyd etdi: 

“Son vaxtlar Çinin müxtəlif ölkələrdəki səfirləri, diplomatları çox fəallaşıblar. Bu, “Qara məni basınca, mən qaranı basım” misalını xatırladır. Bir də ki, məhz Çinin səfirinin ölümü politoloqları dilemma qarşısında qoyur. Niyə məhz Çin? Amma yenə deyirəm ki, şəxsən mən məsələni siyasiləşdirmək istəmirəm”.