“Paşinyan Njdenin faşist olduğunun təsdiqlənməsinə yardım etdi”

“Yenidən arxivlərə müraciətlər edildi. Məlum oldu ki, Njde təkcə türklərin deyil, yəhudilərin də düşməni olub”


Koronavirus pandemiyası Ermənistanın baş nazirinin idarəetmə qabiliyyətini və hökumətinin gücünü göstərir. Ermənistan hakimiyyətinin hazırda üzləşdiyi çətinliklərdən xilas olmaq üçün xarici donorlara üz tutmaqdan başqa yolu qalmayıb. Donorlar hesabına ölkəsini maliyyə böhranından çıxarmağa çalışan Paşinyan ictimai nüfuzunu işğal altında olan Xankəndinə, Laçına, Kəlbəcərə, Şuşaya qanunsuz səfərlərlə qorumağa, artırmağa səy edir. O, belə səfərlərlə Dağlıq Qarabağdakı erməni icmasına xilaskar kimi görünməyə çalışır.

Paşinyan başqasının torpağına göz dikmək, faşist ideyasına qulluq etmək və başqa bu kimi davranışları ilə babalarından geri qalmadığını da təsdiqləyir.

Politoloq Sədrəddin Soltan “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistanda Nikol Paşinyanın savadsız olduğunu deyənlər, bunu sübuta yetirənlər az deyil. Analitik qeyd edib ki, Paşinyan son çıxışlarında saxtakar, tarixi gerçəklikləri təhrif etməyə cəhd göstərən yalançı kimi də özünü təsdiqlədi:

“Ermənistan hökumətinin başçısı faşistlərin əlaltısı olmuş, türk düşməni Qaregin Njdedən danışıb. Erməni təbliğatçıları bu faşisti əvvəlcə milli qəhrəman kimi qəbul etdilər. Ona Yerevanda heykəl belə qoydular.

Bundan sonra onlar yalanın ayaq tutacağına əmin olduqları üçün faşist Njdeyə Rusiyada da abidə qoyub, onu Böyük Vətən Müharibəsinin qəhrəmanı kimi ictimaiyyətə sırımağa səy göstərdilər. Ancaq alınmadı.

Deməli, Paşinyan özü də bilmədən Njdenin faşist olduğunun təsdiqlənməsinə yardım etdi. Yenidən arxivlərə müraciətlər edildi. Məlum oldu ki, Njde təkcə türklərin deyil, yəhudilərin də düşməni olub. O, yəhudilərin soyqırımında iştirak edib.

Njdenin və babasının faşist əlaltısı olmasının ört-basdır etmək üçün bu dəfə Paşinyan yalan danışmağa, şər atmağa başlayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadəyə qara yaxıb. Əslində, Paşinyan aldığı milli tərbiyə ilə belə davranmalı idi. Bu, onun deyil, faşist babasını, Njdeni ona “milli qəhrəman” kimi sırımış sələflərinin, böyüklərinin günahıdır.

Bu faşist nəvəsi ağlı kəsəndən türk düşməni kimi böyüyüb. Bu düşmənlik isə ona gerçəkliyi başa düşməyə, görməyə imkan verməyib. Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının əsas hədəfi sovetlərin yıxılması və işğal edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin bərpası olub.

Onların mübarizəsində heç bir etnik qrupa qarşı mübarizə hədəf olmayıb. Yəni Məhəmməd Əmin Rəsulzadə və silahdaşları Paşinyanın babası və Njde kimi heç bir milləti özünə düşmən bilməyib”.