Ölkə başçısına məktub: “Sizin yanınızdayıq və səsinizə səs veririk. Biz birlikdə güclüyük!”

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Lerik rayonunun Vistən kəndinin sakini Coşqun Rəsulov dövlət başçısına məktubunda bildirir:

 “Möhtərəm cənab Prezident, dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün uzaqgörənliklə qəbul etdiyiniz qərarlar, rəhbərliyinizlə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr bir vətəndaş kimi məndə qürur hissi doğurur. Hər gün müxtəlif informasiya vasitələrindən dünya üzrə pandemiyaya yoluxanların və ölənlərin sayını öyrənirik. Bizdə bu rəqəmlərin qat-qat aşağı olması məhz Sizin vaxtında həyata keçirdiyiniz məqsədyönlü tədbirlərin nəticəsidir. Siz hər bir vətəndaşın Prezidentisiniz. Bunu atdığınız hər addımda, xüsusilə bugünkü çətin dövrdə sübut edirsiniz. Cənab Prezident, daim Sizin yanınızdayıq və səsinizə səs veririk. Biz birlikdə güclüyük!”.