Tofiq müəllimə çox borcluyuq

Onun kimi şəxsiyyət, pedaqoq bizə təkcə jurnalistika dərsi verməyib, eyni zamanda həyat dərsi keçib

18 may  Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist, professor Tofiq Rüstəmovun doğum günüdür.   O, 1936-cı il mayın 18-də Quba şəhərində anadan olub. 1953-cü ildə 1 nömrəli şəhər beynəlmiləl orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin Jurnalistika şöbəsinə qəbul olub. Ali təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra (Nizami təqaüdçüsü) 1958-1960-cı illərdə dövrünün ən nüfuzlu qəzetlərindən sayılan "Uçitelskaya qazeta"nın Azərbaycan SSR üzrə xüsusi müxbiri işləyib. Respublikada xalq maarifinin inkişafına, məktəb həyatına həsr olunmuş bir çox yazıları Ümumittifaq oxucusuna çatdırıb.

Jurnalistlik fəaliyyətinin 10 ilini Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində çalışıb, tərcüməçilikdən informasiya verilişləri Baş redaksiyasının baş redaktoru vəzifəsinədək uzun bir yol keçib (1960-1970). Eyni zamanda ADU-nun qiyabi aspiranturasında təhsilini davam etdirib. Onun Azərbaycan radiosunda səslənən tərcümələri və orijinal verilişləri daim dinləyicilərin rəğbətini  qazanıb. Bu illərdə efirdə ilk addımlarını atan Azərbaycan radiosunun tarixini əks etdirən "Efirdə addımlar" və "Şaqi v gfire" kitabları işıq üzü görüb. Şəxsi təşəbbüsü və axtarışları sayəsində dönə-dönə xatırlanan və ərsəyə gələn "Ulduz" radiostansiyasıının proqramlarına görə Respublika Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb.
1967-ci ildən Azərbaycan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə başlayıb, ADU-nun partiya – sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi, baş müəllimi işləyib.

1970-ci ildə "M.S.Ordubadinin jurnalistlik fəaliyyəti" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Ordubadi yaradıcılığına dərin maraq və böyük ehtiram göstərən T.Rüstəmovun sonrakı illərdə qocaman yazıçı – jurnalistə həsr etdiyi tədqiqatları, "Alovlarda bərkiyən qələm" monoqrafiyası, M.S.Ordubadinin həyat və yaradıcılığına həsr olunan (Azərbaycan və rus dillərində) fotoalbom kimi sanballı araşdırmaları işıq üzü görüb, Bakı, Moskva, Kiyev, Maxaçqala şəhərlərində nəşr olunmuş digər əsərləri elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

Professor T.Rüstəmov uzun illər ədəbi redaktənin nəzəriyyəsi və təcrübəsi sahəsində uğurlu elmi-tədqiqat işi aparıb. Bu araşdırmaların nəticəsi kimi ayrı-ayrı illərdə jurnalistika fakültəsinin tələbələri və kütləvi informasiya vasitələri işçiləri üçün hazırladığı iki kitabı – "Ədəbi redaktənin əsasları" (Bakı, 1975) və "Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi" (Bakı, 1981) dərs vəsaitləri çap olunub.

Onun elmi tədqiqatları Azərbaycan jurnalistikası təşəkkülü və inkişafı, televiziya və radio jurnalistikası, tərcümə sənəti və ədəbi redaktənini tarixi, nəzəriyyəsi və təcrübəsi sahələrini əhatə edir. Televiziya və radioda müntəzəm çıxış edib, ictimai – siyasi verilişlər hazırlayıb, tərcümələr edib. 
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi sahəsində nüfuzlu mütəxəssis kimi tanınmış Tofiq Rüstəmov 1979-cu ildə Jurnalistika fakültəsinin dekanı seçilib, 10 ilə yaxın bu vəzifədə özünü tədris və elmi işin istedadlı təşkilatçısı kimi göstərib. Jurnalistika fakültəsində tərcümə nəzəriyyəsi və praktikası üzrə ixtisaslaşma kurslarının yaradıcılarındandır.  1987-ci ildən isə tərcümə, televiziya və radio jurnalistikası kafedrasının professoru olub. 1988-1989-cu illərdə o, ADU partiya komitəsinin katibi, 1989-1990-cı illərdə Azərbaycan KP MK ideologiya şöbəsi müdirinin birinci müavini, Azərbaycan Respublikası Ali Soveti Xalq deputatı olub.

1990-1995-cı illərdə "Kommunist" qəzetinin redaktoru, "Xalq qəzeti"nin baş redaktoru vəzifələrində işləyib.

T.Rüstəmov Azərbaycan KP MK üzvü, Azərbaycan Jurnalistlər İttifaqı İdarə heyətinin katibi, SSRİ-nin dövlət universitetləri Elmi–metodik birliyinin, jurnalistika şöbəsinin üzvü, Azərbaycan Kommunist Partiyası XXXII qurultayının və Sov.İKP XXVIII qurultayının nümayəndəsi olub. 1982-ci ildə Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Müxtəlif vaxtlarda jurnalistika fakültəsi Elmi Şurasının sədri, fakültə partiya bürosunun, universitet Elmi şurasının üzvü, Azərbaycan Jurnalistlər İttifaqı yanında Jurnalist Sənətkarlığı İnstitutunun rektoru olub. Nəzəri, elmi, metodik "Dil-ədəbiyyat" jurnalı baş redaktorunun müavini, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının jurnalistika doktoru, Azərbaycan Kütləvi İnformasiya İşçiləri Həmkarlar İttifaqının "Ustad" Ali Jurnalistika mükafatı laureatıdır.

T.Rüstəmov rəngarəng publisist məqalələrin, bir neçə radio pyesin, Mərkəzi Televiziyanın sifarişi ilə çəkilmiş telefilmlərin senari müəllifi, Aleksandr Bestujev-Marlinskinin "Molla Nur" povestinin, Lev Ginzburqun "Novı mir" jurnalında nəşr olunan və böyük əks-səda yaradan  "O dünyada görüşlər" (Münhen dəftərindən) sənədli hekayətinin, İsveçrə yazıçısı Fridrix Dürrenmattın "Böyük Romul" və B.Caqarovun "Prokuror" komediya və pyeslərinin, digər bədii və bədii-publisist əsərlərin tərcüməçisi kimi tanınıb.

Tofiq Rüstəmov haqqında xatirələrini "Şərq"ə bölüşən qocaman jurnalist, Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə müəllimini əsl şəxsiyyət  və qüdrətli ictimai-siyasi xadim kimi xatırlayıb:

«Hər birimizin qəlbində Tofiq müəllimin xüsusi yeri var. Onun haqqında günlərlə, hətta həftələrlə  danışsaq belə xatirələrimiz bitməz. O, əsl pedaqoq və jurnalist kimi yaşadı və ömrünü başa vurdu. Tofiq Rüstəmov Azərbaycan jurnalistikasının ən ləyaqətli adamlarından biri olub.

Əslində o təkcə  müəllim kimi deyil, ictimai-siyasi xadim kimi də yüksək zirvələr fəth edib. Zəngin biliyi, geniş dünyagörüşü, mahir natiqlik bacarığı və təşkilatçılıq qabiliyyəti olan Tofiq Rüstəmov yaxşı idarəçi idi. O, uzun müddət fakültənin dekanı, kafedra müdiri olub.  Jurnalistlər onun haqqında danışanda, onun ləyaqət jurnalistikasından, etik qaydaları öyrədən jurnalistikasından danışırlar. Tofiq müəllim Azərbaycan jurnalistikasının, pedaqoqikasının banilərindən  sayılan insan idi.

O həm öz biliyini, savadını Azərbaycan mətbuatının inkişafına sərf elədi, həm də bir çox jurnalistlərin yetişməsində, həyatı mənimsəməsində  çox böyük fədakarlıq göstərib. Bu mənada mənim tələbə yoldaşlarım və bizdən sonrakı nəsil Tofiq müəllimin adını böyük hörmətlə çəkir, onun xatirəsini ehtiramla yad edir. Bu gün həyatda və  jurnalistika sahəsində nəyə nail olmuşuqsa, mətbuatdan danışanda adımız çəkilirsə, buna görə Tofiq Rüstəmova borcluyuq. 

Bu həm də Tofiq müəllimin adının anılması, ruhunun şad olmasıdır. Bizim heç bir məsələyə başdansovdu yanaşmaq, qeyri-peşəkar münasibət göstərmək haqqımız yoxdur.  Biz hər  addım atmazdan əvvəl  onun ruhunun bizi izlədiyini  düşünürük.  Hədsiz iftixar hissi keçiririk ki, Tofiq müəllim kimi  şəxsiyyət, pedaqoq bizə təkcə  jurnalistika dərsi verməyib, eyni zamanda həyat dərsi  keçib".  

BDU-nun professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli də qəzetimizə açıqlamasında  Tofiq Rüstəmovun Azərbaycan jurnalistikası tarixində iz qoymuş tarixi şəxsiyyətlərdən biri olduğunu deyib:

"1958-ci ildə BDU-nun Jurnalistika şöbəsini bitirən kimi, o zaman onun 22 yaşı varmış, Moskvada nəşr olunan nüfuzlu "Uçitelskaya qazeta"nın Azərbaycan  SSR üzrə xüsusi müxbiri təyin edilib. İki il burada işlədikdən sonra uzun müddət Azərbaycan radiosunda çalışıb, tərcüməçilikdən baş redaktorluğa qədər şərəfli bir yol keçib. 

Praktik jurnalistikanın, demək olar, bütün mərhələlərini uğurla keçdikdən sonra T.Rüstəmov məzunu olduğu şöbəyə elmi-pedaqoji işə dəvət olunub, "M.S.Ordubadinin publisistikası" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, bu mövzuya həsr olunmuş "Alovlarda bərkiyən qələm" adlı dəyərli monoqrafiya yazıb.  Həm orta, həm də ali məktəbdə azərbaycanca oxumasına baxmayaraq rus və  alman dillərini mükəmməl bilib. Bir pedaqoq kimi onu məşhurlaşdıran əsas fənn "Ədəbi redaktə" olub, bu sahədə iki kitab və çoxlu elmi məqalə nəşr etdirib. Doktorluq dissertasiyası müdafiə etmədən professor elmi adına layiq görülüb.

T. Rüstəmov 10 ildən artıq Jurnalistika fakültəsinin dekanı olub. Professor Yalçın Əlizadə ilə birlikdə Tərcümə, televiziya və radio jurnalistikası kafedrasını yaradıb.

Tofiq müəllimin əsas fəaliyyət sahələrindən biri tərcüməçilik olub, bir müddət Azərbaycanda yaşamış rus yazıçısı Aleksandr Bestujev-Marlinskinin "Molla Nur" povestini, Lev Ginzburqun "O dünyada görüşlər" (Münxen dəftərindən) əsərini, İsveçrə yazıçısı Fridrix Dürrenmattın "Böyük Romul" və B.Caqarovun "Prokuror" dramlarını ustalıqla dilimizə çevirib".

Nəsir müəllimin sözlərinə görə, T.Rüstəmov həm də bacarıqlı ictimai-siyasi xadim kimi yadda qalıb, 1989-1990-cı illərdə Azərbaycan  KP MK ideologiya şöbəsi müdirinin birinci müavini, Azərbaycan Respublikası Ali Sovetinin Xalq deputatı olub: " 1990-1995-cı illərdə respublikamızın əsas qəzeti olan "Kommunist" qəzetinin (indiki "Xalq qəzeti"nin) baş redaktoru vəzifələrində işləyib.

Tofiq müəllim çox vətənpərvər, səmimi, dostcanlı bir insan idi. 1990-cı ilin 20 Yanvar hadisəsi hamımız kimi ona da çox üzücü təsir bağışlamışdı, ömrünün sonuna qədər özünü bu faciənin ağır yükü altında hiss edirdi. 1998-ci ilin elə həmin günü, 62 yaşın içində ikən, dünyasını dəyişib. Professor T.Rüstəmov xalqımızın, o cümlədən tələbələrinin, müəllim yoldaşlarının, bütün onu tanıyanların xatirəsində yaşamaqda davam edir. Allah  rəhmət eləsin!".