“Ailələrdə təlim-tərbiyə sistemi pozulur” - SƏRT TƏNQİD

"Həmçinsini döyən qızlar birdən-birə 16-17 yaşlarına çatmayıblar ki? !" 

“Vaxtında onlara nəzarət edilməyib. Çox güman, məktəbə də getməyiblər”


Bu günlərdə sosial şəbəkələrdə azyaşlı qızın döyüldüyünə dair video paylaşılıb.
Görüntülərdə bir neçə nəfərin azyaşlı qıza hücum edərək, onu döydüyü müşahidə olunur.
Döyülən qız bir anlıq huşunu itirib. Məsələnin hansı səbəbdən baş verdiyi məlum deyil.

Məsələ ilə bağlı açıqlama verən Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkələrdə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri ilə müşayiət olunan videogörüntülərin tam və hərtərəfli araşdırıldığını deyib.
O bildirib ki, hadisə mayın 14-də Xətai rayonu Vunq Tau küçəsində qeydə alınıb:

“16 yaşlı Z.Müsayeva naməlum şəxslər tərəfindən xuliqanlıq zəminində döyülüb. Həmin görüntülər onlara məxsus “Instagram” hesablarında yayımlanıb. Bakı şəhər Baş Polis İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinənlər – İmişli rayon sakini, 2002-ci təvəllüdlü Yeganə Əzimli, Bakı şəhər sakinləri – 2001-ci il təvəllüdlü Günel Qədirli, 2002-ci təvəllüdlü Lalə Məmmədova və Astara rayon sakini Safiya Quliyeva müəyyən olunub. Onlar ilkin ifadələrində törətdikləri əməli etiraf edərək, peşman olduqlarını bildiriblər”.

E.Hacıyev faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsilə cinayət işi açıldığını qeyd edib:

“Şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.
 Bir qız öz həmcinsinə qarşı niyə belə bir hərəkət etsin ki? Üstəgəl görüntüləri sosial mediada yayaraq azyaşlının gələcək taleyinə əbədi zərbə vurmağa səbəb nə ola bilər? Ümumiyyətlə bu hərəkətə bir ad vermək mümkündürmü? 



Hadisəyə münasibət bildirən Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağayeva “Sherg.az”a açıqlamasında problemi ailə dəyərlərində gördü:

“Həmin qızlardan biri deyib ki, anama görə bu hərəkəti etmişəm. Anasına dəyər verən övlad heç vaxt bu cür addım atmaz. Araşdırsaq, konkret ailələrdə təlim-tərbiyə sisteminin düzgün qurulmadığını, onların valideyn nəzarətindən kənar böyüdüklərini görərik. Qızlar birdən-birə 16-17 yaşlarına çatmayıblar ki? Daha kiçik yaşlarında da olublar. Amma vaxtında onlara nəzarət edilməyib. Çox güman, məktəbə də getməyiblər. Valideyn vaxtında uşağındakı problemi görməli və lazım gələrsə, mütəxəssisə müraciət etməli idi. Gecikəndə, belə nəticələr meydana çıxır”.

K.Ağayeva düşünür ki, qızlar müvafiq qaydada məsuliyyətə cəlb olunmalıdırlar:

“Nə olsun ki, 16-17 yaşları var. Əslində bu, o qədər də az yaş deyil. Hər halda bu yaşda olan insan etdiyi hərəkəti başa düşür. Əgər 16 yaşlı qız könüllü cinsi əlaqədə olursa və nə etdiyini başa düşürsə, deməli, xuliqanlıq da cavabsız qalmamalıdır. Qanunvercilikdə nə yazılıbsa, o da olmalıdır”.