Tələbə qız İstanbuldan Prezidentə yazır: “Uğurlu daxili və xarici siyasətinizi dəstəkləyir və alqışlayıram”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər.
İstanbul şəhərindən dövlətimizin başçısına məktub yazan tələbə Firuzə Rəcəbova qeyd edir:

“Hörmətli cənab Prezident, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyir və alqışlayıram. COVID-19 infeksiyasının qlobal miqyasda yayıldığı şəraitdə Sizin rəhbərliyinizlə həyata keçirilən effektiv dövlət proqramları sayəsində ölkəmiz bu virusdan daha az zərər görən dövlətlər sırasındadır.

Sizin humanizm prinsiplərinə əsaslanan sosial siyasətiniz nəticəsində vətəndaşların pandemiya dövründə sağlamlığının və rifahının qorunması yüksək səviyyədə təmin edilməkdədir. Aztəminatli ailələrin müavinətlərinin artırılması, işsizlər üçün əlavə müavinətlərin təyin edilməsi, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanılması istiqamətində qəbul etdiyiniz qərarlar, xaricdə olan soydaşlarımızın respublikamıza gətirilməsinin yüksək səviyyədə təşkili xalqımız tərəfindən rəğbətlə qarşılanır.

Möhtərəm cənab Prezident, bu çətin günlərdə xalqa dəstək olduğunuza, xalqımızın firavanlığı naminə yorulmadan çalışdığınıza görə Sizə və ən yaxın silahdaşınız Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm”.

Əziz Prezidentim, mən Türkiyənin İstanbul universitetində hüquq təhsili alan gənc azərbaycanlı olaraq Sizinlə qürur duyuram. Uca Tanrı Sizi və Azərbaycanımızı qorusun! Biz birlikdə güclüyük! Biz Sizinlə güclüyük!”.