Ekspertdən SOS: “Ölmüş heyvanı guya kəsilmiş adı ilə satırlar” - Zəhər saçır !

“Səbəb isə aydındır, vicdanları yoxdur. Onları əhalinin sağlamlığı maraqlandırmır. Bu qədər konkret…”



Sosial tədqiqatlar mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəylinin “Facebook”da yaydığı foto müzakirələrə səbəb olub. O. “Araz” super-marketdən aldığı ətin fotosunu paylaşaraq yazıb:
 “Media mənə istinadən bu materialı yaya bilər: "Araz" marketlər şəbəkəsinin bizə - evində xəstə adam, körpə uşaq saxlayan vətəndaşa satdığı mal ətinin içidir. Heç bir istiqamət göstərmirəm. Kimin bu halla bağlı anlayışı var, məlumat yazsın…”.

 Görüntüdən hiss olunur ki, ət qanla doludur, hətta qurdlar da var…



Qida təhlükəsizliyi üzrə ekspert Elsəvər Fərzəliyev “Sherg.az”a açıqlamasında deyib ki, vəziyyətlə bağlı tam qənaətə gəlmək üçün analiz nəticəsini gözləmək lazımdır: 

“Bəzən ət kəsiləndə qan damarlardan tam çıxmır. Nəticədə qan damarlarda qalır və qaralma əmələ gəlir. Qurdun niyə olduğunu  isə eksperimental yola müəyyənləşdirmək mümkündür.

12 saat qalan ətdə də, 4 sutka qalan ətdə də qurd əmələ gələ bilər. Məsələ heyvanın necə kəsilməsindədir. Belə ki, bəzən ölmüş heyvanı guya kəsilmiş adı ilə satırlar. 

Amma heyvan müvafiq normalara uyğun kəsilmədiyi halda ürəyin qan paylamağa gücü çatmır və laxtalanma yaranır. Bu məqamlara diqqət etmək labüddür. Ətin fiziki-kimyəvi göstəricilərindən tam xəbərdar olmaq, hansı maddənin nə qədər təşkil etdiyini bilməkdən ötrü analiz nəticələrini gözləməyə ehtiyac var”. 

 Ekspertin fikrincə, mağazaların niyə belə ət satdığı barədə müzakirələr yersizdir. Çünki səbəb aydındır “Vicdanları yoxdur. Onları əhalinin sağlamlığı maraqlandırmır. Bu qədər konkret…”.