Prezidentə təşəkkür: “Bu Sərəncamlar dövlət-vətəndaş birliyinin əsl təzahürüdür”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər.
Tovuz rayonunun Qovlar şəhərindən Taleh Allahverdiyev ölkə başçısına məktubunda vurğulayır: 
“Hörmətli cənab Prezident, dünyanı bürümüş COVID-19 infeksiyasının Azərbaycanda pandemiya halına çevrilməsinin qarşısının alınmasında apardığınız məqsədyönlü siyasətə və həyata keçirdiyiniz qətiyyətli tədbirlərə görə Sizə təşəkkürümüzü bildiririk. 2020-ci ildə bəşəriyyət, o cümlədən də doğma Vətənimiz pandemiya təhlükəsi ilə qarşılaşdı. Dünyanı bürümüş siyasi və iqtisadi çətinliklərə baxmayaraq, məhz Sizin apardığınız müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycanda pandemiyanın yayılmasının qarşısı alındı. Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanaraq inanırıq ki, ölkəmiz bu çətin vəziyyətdən də şərəflə çıxacaq. Ölkəmiz üçün mürəkkəb dövrdə Siz öz əzmkar fəaliyyətinizlə Azərbaycan xalqının yanında olduğunuzu, daim hər bir vətəndaşı düşündüyünüzü və onun qayğısına qaldığınızı bir daha sübut etdiniz. Sizin tükənməz səyləriniz sayəsində minlərlə həmvətənimizin həyatı bu bəladan xilas olundu. Ölkəmizin keçdiyi bu çox mürəkkəb dövrdə xalqımıza göstərdiyiniz qayğı və diqqət, insanların sosial təminatının yaxşılaşdırılması ilə bağlı imzaladığınız Sərəncamlar dövlət-vətəndaş birliyinin əsl təzahürüdür.
Cənab Prezident, dünyanın bəlasına çevrilən COVID-19 ilə mübarizədə xalqın yanında olmağınızı bütün Azərbaycan xalqı kimi bizim kollektivimiz də minnətdarlıqla qəbul edir və bu çətin, gərgin işlərinizdə Sizə yeni uğurlar arzu edirik”.