TƏKLİF: “Rəqəmsallaşan Azərbaycan” adlı dövlət proqramı hazırlanmalıdır”

“Belə olan halda konseptuallıq əmələ gələcək. Bu təcrübə artıq bir çox dünya ölkələrində istifadə olunur”

“İKT gələcəyin tələbi, çağırışıdır. Prezidentin də dediyi kimi, biz bu tendensiyadan geri qala bilmərik”



Dünən Prezident İlham Əliyev yeni DOST mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı çıxışında  informasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi prioritet məsələ olduğunu qeyd edib. Bildirilib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı düzgün və düşünülmüş addımlar atılmışdır. Gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək.



 “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu barədə “Sherg.az”a danışarkən müvafiq qurumları daha çevik və məsuliyyətli olmağa çağırıb: “Dövlət başçısının bu çıxışı bir növ proqram xarakterli idi. Səlahiyyətli qurumlar, o cümlədən Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar nazirliyi bundan nəticə çıxarmalıdır. Post-pandemiya dövrü özü ilə birlikdə prioritet rəqəmsallaşmanı gətirdi. İKT gələcəyin tələbi, çağırışıdır. Prezidentin də dediyi kimi, biz bu tendensiyadan geri qala bilmərik. Əsas odur ki, siyasi iradəmiz var. Lazım olan resurs və dəstəkdir”. 

O. Gündüzün fikrincə, vahid yanaşma ən vacib məsələlərdən biridir: 

“Əvvəl müvafiq qurumlar komissiya yaratmalıdır. Sonra isə “Rəqəmsallaşan Azərbaycan” adlı dövlət proqramı hazırlanmalıdır. Belə olan halda konseptuallıq əmələ gələcək. Bu təcrübə artıq bir çox dünya ölkələrində istifadə olunur. Analoji təşəbbüs bizim üçün də vacibdir”.