Ali Baş Komandana məktub var: “Əminliklə deyirik ki, xalqımızın taleyi, gələcəyi etibarlı əllərdədir”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər. 

Daşkəsən şəhərindən Sərvinaz Qurbanova ölkə başçısına məktubunda vurğulayır: 

“Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım, əvvəlcə onu bildirim ki, oğlum Əli Polis Akademiyasında təhsil alır. Ailəmiz buna çox sevinir. Həyat yoldaşım da həm hərbçi kimi xidmət edərkən, həm də polis işləyərkən torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirib. Hazırda təqaüdçüdür. Müstəqil Azərbaycanda övladlarımızın sülh və əmin-amanlıq şəraitində yaşayıb təhsil almasına görə hər birimiz, ilk növbədə, ulu öndərimiz Heydər Əliyevə borcluyuq.

Oğlumun oxuduğu təhsil müəssisəsi haqqında sevinclə, ağızdolusu danışa bilərəm. Sizin təhsil sahəsinə ayırdığınız diqqətin, tələbkarlığın nəticəsini biz vətəndaşlar görürük. Sizə ailəmiz adından səmimi təşəkkür edirəm. Sizin yürütdüyünüz siyasəti bəyənir və dəstəkləyirik.

Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım, Azərbaycan Respublikasının inkişafına, nüfuzunun artmasına, vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında göstərdiyiniz əməyə və yürütdüyünüz siyasi xəttə görə əminliklə deyirik ki, xalqımızın taleyi, gələcəyi etibarlı əllərdədir. Əminik ki, vaxt gələcək, işğal olunmuş torpaqlarımız da azad ediləcək, insanlarımız daha yaxşı yaşayacaq. Dünyanı bürüyən koronavirus pandemiyasının yayıldığı bir vaxtda Sizin vətəndaşlara göstərdiyiniz qayğı və maddi yardımlar bir daha göstərir ki, dövlətimiz uğurla idarə olunur. Xeyirxah işlərinizi söyləməklə qurtarmaz. İşsizliyin minimuma endirilməsinə, qocalara qayğıya, kimsəsizlərə köməyə görə Sizə minnətdarıq. Bütün bu işlərə, yürütdüyünüz sülhsevər və uğurlu siyasətə görə təşəkkür edirik”.