Deputat SƏRT DANIŞDI: “Bizi işğala öyrəşdirmək istəyirlər”

“Nə qədər etiraz notası vermək, bəyanət imzalamaq olar?! Artıq 30 ilə yaxındır, vətənimizdən ayrıyıq”

“Düşmən və onu müdafiə edənlər o qədər riyakardırlar ki, bizə müharibədən başqa seçim vermirlər”



Mart ayında qondarma Dağlıq Qarabağ Respublikasında saxta parlament və prezident seçkiləri keçirilib. Saxtakarlıq qanlarına hopmuş ermənilər bununla kifayətlənmədilər. Sən demə, “konsert” hələ qabaqda imiş...May ayının 21-də Şuşada “prezident”in and içmə mərasimi keçiriləcək. Azərbaycanın torpaqlarında ha, vətənimizdə...
 
Bu rəzilliklə bağlı “Sherg.az”a fikirlərini bildirən millət vəkili Elman Məmmədovun sözlərinə görə, hərbi əməliyyatlar başlanmayana qədər belə addımlar davam edəcək: 

“Mən dəfələrlə demişəm, yeganə çıxış yolu müharibədir. Biz hərbi əməliyyatlar keçirməli, torpaqlarımızı tapdaqdan azad etməli, işğalçıları, seperatçıları cəzalandırmalıyıq. Başqa yolumuz yoxdur! Bizi sülhə səsləyənlər, o cümlədən vasitəçi dövlətlər, BMT, NATO, ATƏT kimi beynəlxalq təşkilatlar bu məsləhəti özlərinə saxlasınlar, əzizlərinə versinlər. Onların hamısı Ermənistan tərəfdarlarıdır. Bizi işğala öyrəşdirmək istəyirlər. Birmənalı deyirəm, bizim məsləhətə ehtiyacımız yoxdur! Nə qədər etiraz notası vermək, bəyanət imzalamaq olar?! Artıq 30 ilə yaxındır, vətənimizdən ayrıyıq. Deməli, danışıqlar əhəmiyyətsizdir.  Düşmən o qədər hiyləgər, onu müdafiə edənlər o qədər riyakardırlar ki, bizə müharibədən başqa seçim vermirlər. Şanlı, qüdərətli ordumuzun keçirdiyi hərbi təlimlər müharibəyə çevrilməlidir! Biz Qarabağı döyüşərək azad etməliyik! Onda bu söhbətlər birdəfəlik bitəcək”.