“Dövlət vətəndaşının yanında oldu” – Millət vəkili 

Musa Qasımlı: “Ən başlıcası, böhranlı şəraitdə Azərbaycan vətəndaşının sağlamlığı əsas götürüldü”



Prezident İlham Əliyev Azərbaycan Televiziyasına  müsahibə verib. Ölkə başçısı müsahibəsində bir sıra mühüm məqamlara toxunub.
Prezident qeyd edib ki, ölkə siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Ölkə başçısı bildirib ki, minimum pensiyanın alıcılıq qabiliyyətinə görə, bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Pandemiya dövründə 600 min vətəndaşa sosial yardım verildi, özünüməşğulluq proqramında 12 min insan əhatə olunur.

Millət vəkili Musa Qasımlı “Sherg.az”a açıqlamasında bildirib ki, ölkə başçısının müsahibəsində həm yaranmış şəraitdə həyata keçirilən zəruri tədbirlərin əhəmiyyəti, həm də gələcək planlar aydın şəkildə vurğulanıb:

“Cənab Prezident İlham Əliyevin AzTV-yə müsahibəsini diqqətlə dinlədim. Azərbaycan dövləti ölkə başçımızın rəhbərliyi altında bu vəziyyətdən indiyədək az itki ilə çıxmağı bacardı. Ən başlıcası, böhranlı şəraitdə Azərbaycan vətəndaşının sağlamlığı əsas götürüldü. Azərbaycan nümunəsi  yaradıldı. Dövlətimiz sosial yardımlar etdi, sahibkarlara vəsaitlər verdi, özünəməşğulluq proqramına maliyyə ayıraraq minlərlə insanı cəlb etdi. Dövlət vətəndaşının yanında oldu. Yeni müəssisələr işə salındı.  Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə ərzaq qutuları göndərildi. İlham Əliyevin liderliyində dövlət və hökumət qurumlarımız mütəşəkkil və çevik işlədilər. Prezidentimizin nitqi belə bir əminlik yaradır ki, ölkəmizin pandemiyadan sonrakı dövrdə də inkişafı üçün bütün planlar var. Xalqımız dövlətimizin yanındadır və bu siyasət davam etdirilməlidir”.