Türkiyədə qalan soydaşlarımız narahatdırlar: “İki çıxış yolu var !”

“Səfirlik tələbə və xəstələrə ayırdığı yardımın miqdarını yüksəltməli, həmçinin çarter reyslərin sayını artırmalıdır”

“Həftədə 4-5 çarter reysi olsa, bəlkə, tələbələrimizin hamısı yaxın gələcəkdə ölkəyə gələ bilərlər”



Türkiyədə təhsil alan tələbələrimizin vəziyyəti yaxşı deyil. Dərslər dayandığına görə soydaşlarımızın orada qalmasının heç bir mənası yoxdur. Amma vətənə qayıda da bilmirlər. Evlərin kirayə pullarını vermək isə, şübhəsiz, ən böyük problemdir. Necə? Hansı yolla? Axı iş yerləri də bağlanıb. Tələbələr pul qazanmaq üçün işləyə də bilmirlər. Elə isə...

 Qardaş ölkədə təhsil alan həmvətinimiz, tarixçi, araşdırmaçı Dilqəm Əhmədin sözlərinə görə, tələbələr diqqətdə saxlanılırlar:

“Bizə deyiblər ki, səfirliyə və ya konsuluğa müraciət edin, qeydiyyatdan keçin. Mən ilk müraciət edənlərdən biri olduğum üçün martın 24-də vətənə qayıda bildim. Türkiyədə azərbaycanlıların sayı kifayət qədər çoxdur. İşləyənlər, təhsil alanlar, istirahatə gedənlər...Səfirlik tələbələrdən ötrü kampaniya  başladıb. Hər ay onlara yardım edilir. Amma analoji təşəbbüsü bütün azərbaycanlılar üçün keçirmək mümkün deyil. Çünki Türkiyədə nə qədər azərbaycanlının olduğu da dəqiq məlum deyil. Ona görə dövlət tələbələrə, xəstələrə xüsusi qayğı göstərir”. 



D.Əhmədin fikrincə, həmvətənlərimizin, o cümlədən tələbələrin vəziyyətinin daha çətinləşməməsi üçün iki variant var:

“Birincisi, səfirlik tələbə və xəstələrə ayırdığı yardımın miqdarını artırmalıdır. Elə tələbə var ki, heç yardım almayıb. Bəzisi isə ikinci dəfə bu imkandan yararlanıb. Yəni məsələyə daha məsuliyyətlə yanaşmaq lazımdır. İkinci çıxış yolu isə çarter reyslərinin sayının artırılmasıdır. Həftədə 4-5 çarter reysi olsa, bəlkə, tələbələrimizin hamısı yaxın gələcəkdə ölkəyə gələ bilərlər. Hərçənd ki, bu da asan görünmür. Çünki bir təyyarə 190-200 sərnişin tutur” .