Ana dilinə xor baxan məmurlara SƏRT XƏBƏRDARLIQ: “Yenə barmaq silkələnməlidir”


“Rus dilini ana dili bilənlərdə sadəcə vətənpərvərlik hissi yoxdur”

“Ulu öndərin bir kəlamı da var idi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Mən bundan artıq daha nə deyim? !”



Dil hər bir millətin varlığını sübut edən əsas atributlardandır. Amma, əfsuslar olsun ki, bir çoxları, o cümlədən də vəzifəli şəxslər ana dilimizi “gözüm çıxdıya salır”, əcnəbi dilləri, xüsusilə rus dilini “əl içində tuturlar”. Hərbi jurnalist Rey Kərimoğlu bu barədə özünün “Facebook” səhifəsində yazıb: “Ana dilimizi bilməyib də rusca danışmaq kübarlıq, intellekt göstərici deyil! Sadəcə çuşkalıqdır”.

Bəs niyə bəziləri ana dilində danışmaqdan utanır, sınıq-salxaq rus dili bilikləri ilə öyünürlər?!

 Nəsimi adına Dilçilik İnstitunun direktoru, professor Möhsün Nağısoy onların qanunu pozduqlarını sənədlərlə əsaslandırdı:

“2002-ci il sentyabrın 30-da Azərbaycan Respublikasında “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanunu qəbul edildi. 2003-cü il yanvarın 2-də həmin Qanun təsdiqləndi. 2006-cı ilin aprelində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı” adlı sənəd qəbul edildi. 2018-ci ildə “Ana dilinin saflığının qorunması” və “Dövlət dilindən istifadə işinin təkmilləşməsi” adlı sərəncamlar imzalandı. Əlbəttə, başqaları da var. Bunlar dövlətin dilə necə həssas yanaşdıqlarını göstərir. Bayaq qeyd etdiyim kimi, Qanunda dilin saflığının qorunması prioritet məsələ kimi göstərilib. Odur ki, dövlət dilinə xor baxanlar qanunu pozurlar”. 

 Dilçi-alim yalançı vətəndaşları sərt tənqid etdi:

“Rus dilini ana dili bilənlərdə sadəcə vətənpərvərlik hissi yoxdur. Ümumilli lider Heydər Əliyev deyirdi ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Yəni dil mənəvi dəyərlərlə bağlıdır. Azərbaycan dilini bilməyənlər bu cür ali hisslərdən çox uzaqdırlar. Ulu öndərin bir kəlamı da var idi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Mən bundan artıq daha nə deyim? !. Keçmiş prezident Heydər Əliyev çıxışlarının birində üzünü məmurlara tutdu və onlara barmağını silkələyərək xəbərdarlıq etdi: “Ana dilini bilməyən məmur vəzifəsindən azad ediləcək”. Görünür, yenə kimlərəsə barmaq silkələnməlidir”.

 Professorun verdiyi məlumata görə, dövlət dilini pozanlara qarşı mübarizə gücləndirilib:

“Bu günlərdə Milli Məclisdə dil məsələsi müzakirə olundu. Məni də dəvət etmişdilər. Dövlət dilini pozanlara qarşı cərimələrin tətbiq olunmasına müsbət münasibət göstərildi. Həm də bir neçə günə konkret istiqamət üzrə monitorinq keçiriləcək. Hər halda Ümumilli liderin dil sahəsindəki siyasətini cənab prezident İlham Əliyev layiqli formada davam etdirir. Yəqin, bundan sonra vəziyyət nisbətən düzələcək”.