Lift, yoxsa “ölüm maşını” ?! - “Heç sovet liftlərində belə hallar olmurdu” – FACİƏNİN SƏBƏBi...

“Liftin şaxtaya düşməsi o deməkdir ki, onun quraşdırılmasında texniki parametrlər tam nəzərə alınmayıb”


Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasında işçi qızın liftin şaxtasına yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanılıb.
Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, mayın 10-da 1997-ci il təvəllüdlü Əliyeva Arzu Mübariz qızının satıcı işlədiyi Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən ərzaq mağazasında liftin şaxtasına yıxılaraq xəsarətlər alması, mayın 18-də isə müalicə aldığı xəstəxanada vəfat etməsi faktına görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə prokurorluq işçiləri məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. Məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual qaydalar yerinə yetirilib.
Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əlbəttə, nə qədər iş açılır açılsın, həmin gənc qızı geri qaytara bilməyəcək. Adi bir səhvə, ya da çox ciddi məsuliyyətsizliyə görə bir ailə məhv oldu, yüzlərlə arzu puç oldu...



Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov məsələ ilə bağlı “Sherg.az”a danışarkən faciəyə səbəb kimi texniki qüsurları göstərib: 

“Liftlər çox sadə sistemlə çalışır. Hətta əsrlər əvvəl lifti kəşf edən adam ailəsi ilə birlikdə liftə girib, kanatı kəsmişdi. O, bununla mexanizmin necə elementar olduğunu sübut etmişdi. Müasir liftlərdə bu texnologiya daha da təkmilləşib. Kanat qırılsa belə, əyləc avtomatik işə düşməlidir. Liftin şaxtaya düşməsi o deməkdir ki, onun quraşdırılmasında texniki parametrlər tam nəzərə alınmayıb. Heç sovet liftlərində belə hallar olmurdu. Düzdür, istismar müddəti bitdiyinə görə, kanat qırıla bilər. Amma yenə deyirəm ki, bu zaman lift şaxtaya düşməli deyil. Lift öz-özünə tormozlanmalıdır ”. 

S. Məmmədov, həmçinin bildirib ki, qanunverciliyə müvafiq formada tədbir görülməlidir:

“Dediyim kimi, texniki şərtlər kobud şəkildə pozulub. Təəssüf, müvafiq qurumlar, o cümlədən FHN belə bir lifti təhvil alıb və onun istismarına icazə veriblər. Odur ki, Cinayət məcəlləsinə uyğun olaraq iş açılmalıdır”.