Türkiyə kimi valilik sisteminə keçməliyik

Ən azı 6 rayonu bir yerdə cəmləməklə idarəetməni mərkəzləşdirmək olar

Son günlər bəzi icra başçılarının korrupsiya və özbaşınalıq cinayətləri ilə həbs olunması yerli idarəçiliyin dəyişdirilməsi təkliflərini gündəmə gətirib. Bir qisim düşünür ki, bütün icra strukturlarında rüşvətxorluq mövcuddur. O səbəbdən həbslər icra hakimiyyətlərində idarəçiliyin effektiv, şəffaf olmasını təmin edə bilməyəcək. Hesab olunur ki, cinayətə bulaşmış məmurların təmizlənməsi ilə yanaşı struktur dəyişikliyinin aparılmasına, inzibati-ərazi quruluşuna yenidən baxılmasına da ehtiyac var. 

Bir müddət əvvəl mətbuata açıqlama verən millət vəkili Vahid Əhmədov da indiki icra hakimiyyəti strukturunun ləğv olunmasının tərəfdarı olduğunu söyləyib. Onun sözlərinə görə, normal idarəetmə sistemi qurmaq istəyiriksə, ən real variantlardan biri budur:

“Mən rayonlarda idarəçilik sistemi ilə bağlı təklif vermişəm. Bu qədər icra başçısı çoxdur. Azərbaycanda 11 iqtisadi rayon var, hər iqtisadi rayona bir müavin təyin etməklə çevik və şəffaf işləyən idarəetmə sistemi qurmaq olar. Məsələn, Şimal zonasına bir, Cənub zonasına bir müavin təyin etməklə rayon icra hakimiyyəti başçılarının sayını azaltmaq lazımdır. Bu qədər başçıya ehtiyac yoxdur”. 

Lakin bu cür təşəbbüsləri doğru saymayanlar da var. Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov sosial şəbəkə statusunda yazıb ki, ölkənin inzibati-ərazi quruluşu necə var elə də qalmalıdır: “Mən inzibati-ərazi quruluşu üzrə dövlət komissiyasının rəhbəri olmuşam. Bu nağıllar ötən əsrin 90-cı illərində başlanıb. İdarəetməni təkmilləşdirmək üçün inzibati-ərazi quruluşunu dəyişməyə ehtiyac yoxdur. Rayonların birləşdirilməsi və ayrılması normal prosesdir, bunu nəzərdə tutmuram”. 

Millət vəkili Fazil Mustafa da icra başçısı vəzifəsinin ləğv edilməsini anlamsız sayır. Onun fikrincə, buna o zaman hazırlıq gedə bilərdi ki, bələdiyyələr güclü olardı:

“Ondan sonra icra hakimiyyətləri rayonun idarə olunmasında Türkiyədəki kimi valilik modelində bir idarəetməyə çevrilərdi. Faktiki olaraq bizdə bunu təmin etmək mümkün deyil. Çünki bir boşluq yarana bilər. Ona görə də ləğv etmək əvəzinə qanuni çərçivəyə salmaq daha məqsədəuyğundur”.

Mövzu ilə bağlı fərqli yanaşmaları “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki, Azərbaycan müstəqilliyini qazanandan sonra rayonlarının sayının çoxaldılması idarəetməni asanlaşdırmaq məqsədi daşıyırdı. 
Professorun sözlərinə görə, o vaxt Parlamentdə qərar qəbul edildi ki, idarəetmə yüngülləşməlidir:

“2010-cu illərə qədər bu sistem özünü doğrulda bilirdi. Lakin yerlərdəki mövcud sistem artıq tələblərə cavab vermir. Nəzərə alaq ki, icra hakimiyyətinin başçısı konstitusion vəzifə sayılmır. Azərbaycan qanunverciliyində icra hakimiyyəti sistemi yoxdur. Bir var Prezidentlik üsul-idarəsi, bir də var hökumət. Ali icra oranı ilə adi icra orqanı bir-birindən fərqlənir və bunların arasında hansısa struktur yoxdur. 1999-cu ildə bələdiyyələr gündəmə gəldi və 10 il də bu strukturların formalaşmasına zaman verildi. Lakin yenə müsbət nəticə olmadı. 2015-ci ildən icra hakimiyyətlərinin strukturu dəyişməli idi. İndi də gec deyil və bu addım mütləq atılmalıdır. Əksər ölkə adətən idarəetmə sistemini mümkün qədər asanlaşdırır. Bizdə özəlləşdirmə prosesi başa çatıb, yerlərdə ailə təsərrüfatı formalaşıb. İdarəetmədə təmsil olunan adamların sayını azaltmaq lazımdır, çünki həddindən artıq çoxdur. Məsələn, balaca bir rayonda həm icra hakimiyyəti, həm də ayrı-ayrı nazirliklərin yerli orqanları fəaliyyət göstərir. Bələdiyyələr isə sanki icra hakimiyyətlərinin yamağıdır”. 

C.Nuriyev icra stukturları ilə bağlı öz təkliflərini də verib:

“İqtisadiyyatdan bir balaca xəbəri olan adam kimi təklif edərdim ki, Azərbaycan 9 iqtisadi əyalətə ayrılsın. Abşeron meqapolis kimi istisna olmaqla, digər bölgələr şimal, cənub və mərkəzi formada - Şəki-Zaqatala, Gəncə-Basar, Qarabağ, Naxçıvan və s. adlarla əyalətlərə bölünsün. Ən azı 6 rayonu bir yerdə cəmləməklə idarəetməni mərkəzləşdirmək olar. Qardaş Türkiyədəki kimi valilik sisteminə keçməliyik. Rayonlarda paralel strukturlar çoxdur və hamısı bir-birinin işinə qarışır. Vəziyyət o yerə çatıb ki, məktəb direktorları da icraların rəyi ilə təyin olunur. Bunun özü rüşvət deməkdir. Elə bir məktəb direktoru yoxdur ki, icra hakimiyyəti ondan rüşvət almamış təqdimatını versin. Yerlərdə digər sahələrdə də vəziyyət belədir. Əgər korrupsiyanın kökünü kəsmək istəyiriksə, mütləq icra hakimiyyətinin strukturunu dəyişməliyik”.