"Bu, mənim son xəbərdarlığımdır"

Millət vəkili: "Bu addımı atanlar, yaxud dəstək verənlər və ya susanlar tarix qarşısında cavab verəcəklər"



Mayın 10-da Türkiyədə bir qrup ictimai-siyasi xadim, elm adamları tərəfindən yaradılmış Qərbi Azərbaycan (İrəvan) Respublikası ətrafında söz-söhbət səngimir. Qərbi Azərbaycan Respublikasının elan olunmasını birmənalı dəstəkləyənlərlə yanaşı, bunu reallıqdan uzaq məsələ kimi qiymətləndirənlər də var. Respublikanın məram-məqsədlərini birmənalı qarşılamayanlar arasında Milli Məclisin üzvü, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də var. Deputat mətbuata açıqlamasında Respublikanın məhz indiki məqamda elan olunmasına narazılıq ifadə edib. 

Bu barədə “Şərq”ə danışan millət vəkili Əziz Ələkbərli vurğulayıb ki, o, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının məsələyə münasibətini birmənalı şəkildə bildirib. 

Parlament üzvünün sözlərinə görə, Azərbaycanın ictimai-siyasi həyatının və Qarabağ məsələsinin indiki vəziyyətində belə bir qurumun yaradılması məqbul deyil: “Bu gün ortada Azərbaycanın işğal olunmuş 20 faiz ərazisi və o ərazidə yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası var. Biz də buna alternativ olaraq “Qərbi Azərbaycan Respublikası” yaradırıq. Fərq ondadır ki, onlar işğal etdikləri konkret ərazidə “yaradıblar”, biz də virtual məkanda, yəni havada “yaradırıq”. Bir fərq də ondadır ki, onlar qondarma Respublikanın ərazisində etnik təmizləmə aparıblar və həmin ərazini erməni əhali ilə doldurublar. Qərbi Azərbaycanda (indiki “Ermənistanda” -red) isə bir nəfər də azərbaycanlı yaşamır. İndi “Qərbi Azərbaycan Respublikası” öz Bəyannaməsində bəyan edir ki, bu Respublikanın tanınması üçün Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərə və Birləşmiş Millətlər Təşkilatına müraciət edəcək. Lap yaxşı, qondarma Dağlıq Qarabağ Respublikası bu müraciəti artıq on illərdir ki, edib. Belə olan surətdə BMT və üzv dövlətlər, aydındır ki, tanısa, hər iki “Respublikanı” eyni vaxtda tanıyacaq”. 

Ə.Ələkbərli xatırladıb ki, 1992-ci il martın 2-də BMT Azərbaycanla Ermənistanı da eyni gündə üzv qəbul edib:

“Deyin görüm, onda necə olacaq? Bir tərəfdə BMT və dünya dövlətləri tərəfindən tanınan qondarma Dağlıq Qarabağ Respublikası, digər tərəfdə yenə də BMT və dünya dövlətləri tərəfindən “tanınan” virtual məkanda və kağız üstündə mövcud olan “Qərbi Azərbaycan Respublikası”. Bu, bilirsiniz nədir? Qondarma Dağlıq Qarabağ Respublikasının legitimləşdirilməsinə aparan yoldur. Bu, mənim son xəbərdarlığımdır. Özünü “yaxşı adam” kimi göstərib, təşəbbüsə qoşulmadığım üçün məni qınayanlara cavabım odur ki, mən və mənim rəhbərlik etdiyim təşkilatlar Azərbaycanı yeni faciələrə sürükləyə biləcək hər hansı bir addımı atmarıq. Bu addımı atanlar, yaxud dəstək verənlər və ya susanlar tarix qarşısında cavab verəcəklər”.