Qərbi Azərbaycan məsələsində əl-ələ verməliyik

Dilavər Əzimli: "Şəxsən məni çağırıb hansısa iş tapşırsalar, bir əsgər kimi onların qulluğundayam"


“Qərbi Azərbaycanın hər kəndinə aid ayrıca məlumat-kitabçanın çapına start verilib”. Bu barədə millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli məlumat verib. Deputat bildirib ki, bununla bağlı hər ay 5 kitabçanın hazırlanması nəzərdə tutulur: “Bizim hər kənd üzrə icmalarımız və tanıdığımız ziyalılar, alimlərimiz var. Təbii ki, məsləhətli olacaq. Təqdim olunan materiallar rəyləşdiriləcək. Mənim də bu məsələdə az təcrübəm yoxdur. Kim istəsə, müraciət edib, öz kəndinin kitabçasının materialını təqdim edə bilər. Üstünlük icma şəklində formalaşmış kəndlərə veriləcək”. Millət vəkili bəyan edib ki, kitabçalarda kəndlərin coğrafiyası, tarixi, toponimləri, abidələri, ziyarətgahları, adət-ənənəsi, təsərrüfat həyatı, tarixi şəxsiyyətləri və s. informasiyalar əksini tapacaq. 

Tarixçi-alim Dilavər Əzimli “Şərq”ə açıqlamasında bu təşəbbüsü təqdirəlayiq hesab edib. D.Əzimli bunun olduqca vacib iş olduğunu söyləyib: “Belə işlər çoxdan görülməli idi. Gənc nəsli yetişdirməyin yolu bu kimi işlərdən keçir. Bu fəaliyyətlə məşğul olanların əksəriyyətini tanıyıram. Onlar Azərbaycanın dəyərli ziyalılarıdır. Biz də əlimizdən gələn köməyi etməliyik. İmkanlı şəxslər kitabçaların maliyyələşməsinə dəstək verməlidir. Çünki bu fəaliyyət ümumi Bütöv Azərbaycan məsələsidir. Unutmayaq ki, dünya güclərinin ortaya çıxardığı və ideologiyasını möhkəm quran erməni xisləti ilə üz-üzəyik”. 

Tarixçinin sözlərinə görə, mütəşəkkillik və ağıllı mübarizə ilə düşmənə qalib gələ bilərik:

“O ərazilər bizim tarixi torpaqlarımızdır. Mənfur ermənilər bütün kəndlərimizin, şəhərlərimizin adlarını dəyişiblər. İndi də Qarabağdakı adları dəyişirlər. Bu mənada Qərbi Azərbaycan icmasına uğurlar arzulayıram. Yaxın dostum Nəzir Əhmədli tarixi əhəmiyyətli işlər görür. Onun faktlar əsasında yazdığı kitablar çox dəyərlidir. N.Əhmədli kəndbəkənd oralarda yaşayanların adlarını, babalarının adlarını, şəcərələrini təqdim edir. Erməni yalanlarını ifşa edir. Hesab edirəm ki, bu məsələdə əl-ələ verməliyik. Şəxsən məni çağırıb hansısa iş tapşırsalar, bir əsgər kimi onların qulluğundayam”.