BNA buna həssas yanaşır

İşıqforlara piyada seksiyalarının quraşdırılmasına ehtiyac vardı


 Vətəndaşlarda xüsusi narahatlıq doğuran nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılır. 
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, məqsəd, piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması və vətəndaş rahatlığının təmin olunmasıdır.
Məlumatda o da qeyd olunur ki,  artıq 28 May küçəsinin Keykab Səfərəliyeva, A.Puşkin və R.Zorge küçələri ilə, Nizami küçəsinin isə Keykab xanım Səfərəliyeva və A.Puşkin küçələri ilə kəsişmələrində bu istiqamətdə görülən işlər icra edilib.

“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı “Şərq”ə açıqlamasında mövcud işıqforlara piyada seksiyalarının əlavə olunmasını alqışladığını dedi: 

- Bu, çox vacib məsələ idi, sevindiricidir ki, BNA məsələnin həllinə başladı. Paytaxt avtomobil yollarında piyada seksiyası olan işıqforlar var, amma araşdırsaq, görərik ki, piyada seksiyası olmayan işıqforlar bəlkə daha çoxdur. Bu da əlbəttə ki, piyadalara problem yaradır, həyatları təhlükə altına düşür. Ümumiyyətlə, paytaxt da daxil, ölkənin avtomobil yollarında nəqliyyatın hərəkəti üçün çox yaxşı şərait yaradılıb.  Amma piyadalar üçün bunu deyə bilmərik. Bir misal çəkim; paytaxtın Bəşir Səfəroğlu küçəsində səkiyə dibçəklər düzülüb. Özü də elə şəkildə düzülüb ki, səki ilə nəinki uşaq arabası, ya da əlil arabası, adicə piyada üçün sərbəst hərəkət imkanı qalmayıb. Belə küçələr, səkilər çoxdur. Səkilər avtomobillər, ayrı-ayrı şirkətlər, mağazalar, marketlər, iaşə obyektləri və sair tərəfindən zəbt olunub. Piyadaların hərəkəti faktiki qeyri-mümkündür və vətəndaş məcbur olub yolun  hərəkət hissəsinə çıxır. Bu da əlbəttə, real təhlükədir. İşıqforlarla bağlı da piyada seksiyalarının quraşdırılmasına ehtiyac vardı, çünki bəzən piyada yolu keçməyə  icazə olub-olmamasını ayırd edə bilmirdi. Bu xüsusi seksiyalar isə artıq dəqiq müəyyən edir ki, yol piyadanındır, yoxsa avtomobilin. 

E.Muradlı qeyd etdi ki, yol şəbəkəsinin bir mərkəzdən idarə olunması vacibdir: 

- Baxırsan ki, ayrı-ayrı qurumlar hərəsi bir ideya ortaya qoyur, nəticədə qarmaqarışıq vəziyyət yaranır. Ona görə də avtomobil yollarında təhlükəsizlik faizi aşağı düşür. Amma yol-nəqliyyat infrastukturu bir mərkəzdən idarə olunsa, belə problem yaranmaz. Həmçinin ictimai nəzarət də mütləqdir.