Regional şərtlər bunu diktə edir: “Rusiya Ermənistandan çıxa bilər”

“Moskvanın məcburən Bakı və Ankara ilə birgə yeni siyasi konfiqrusiyaya getməsi mümkündür”

“Azərbaycan irimiqyaslı hərbi təlimlərini davam etdirməlidir. Bunu cəbhəyə yaxın məsafədə reallaşdırmalıdır ki, Ermənistan açıq təhlükənin fərqinə varsın”


“Azərbaycanın keçirdiyi iri miqyaslı hərbi-taktiki təlimlər Ermənistanda təhdid kimi qəbul olunur”.
Bu barədə “Sherg.az”a Cənubi Qafqaz Sülh və Münaqişə İnstitunun rəhbəri Məhəmməd Əsədullazadə deyib. 
Analitik bildirib ki, Ermənistan baş naziri və xarici işlər naziri Qarabağ münaqişəsində həll varinatlarını inkar etsələr də, danışıqlarda maraqlı olduqlarını vurğuladılar: 

“Bu açıqlamalar İrəvanın siyasi manevridir və atəşkəsin qorunmasına hesablanıb. Ermənistan tərəfi yenidən danışıqlara başlamaqla spekulyasiyalara əl atacaq. Çünki münaqişənin danışıqlar yolu ilə həllinə Paşinyanın siyasi iradəsi çatmır. O, öz xalqını sülhə hazırlaşdırmır. İkincisi, əldə olunan razılaşmalara zidd olaraq nə əsirləri dəyişir, nə də həll varinatlarını qəbul edir. Belə olan təqdirdə münaqişənin həlli dondurulmuş qalır. Rusiya rəhbərliyi də hazırkı Ermənistanın Qarabağ siyasətindən razıdır. Moskvanın baxışı nə sülh, nə də müharibədir”.



Analitik bəyan edib ki, Ermənistan tərəfi ümumi prosesi yola vermək xatirinə danışıqlara qatılacaq: 

“İrəvan hökuməti absurd təklifi olan Qarabağ separtçılarının “tərəf” kimi iştirakını yenidən masaya daşıyacaq. Növbəti görüş baş tutarsa, rəsmi Bakı birmənalı şəkildə Qarabağa səfərlərin qarşısını alacağını və burada infrasturuktur layihələrin reallaşdırılmasına imkan verməyəcəyini bəyan etməlidir. Konkret olaraq, Ermənistan rəhbərliyinin Qarabağ səfərlərinin yolverilməz olduğunu vurğulamalıdır”. 

Siyasi şərhçiyə görə, Azərbaycanın hərbi təlimləri Rusiyada da diqqətlə izlənilir: 

“Rusiya prezidenti Vladimir Putin Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra Azərbaycan Prezidentinə zəng etdi. Çox güman ki, Rusiya dövlət başçısı ölkəmizin keçirdiyi hərbi təlimlərdən və Qarabağ münaqişəsinin həlli məsələsindən də söz açıb. Onu da xatırladım ki, bir müddət əvvəl Rusiya XİN rəhbəri Segey Lavrov da Azərbaycan və Ermənistana iki dəfə telefon edib. Görünür, Rusiyanın telefon zəngələri müəyyən narahatlıqdan irəli gəlir. Moskva Azərbaycanın Türkiyə ilə birgə hərbi hazırlığından narahat ola bilər. Türk ordusu Suriya və Liviyada uğurlu hərbi əməliyyatlar aparır. Qardaş ölkənin növbəti geosiyasi marağı Cənubi Qafqaz ola bilər”. 

M.Əsədullazadənin sözlərinə görə, Rusiya hazırkı vəziyyətdə Türkiyə ilə nə Suriyada, nə də Liviyada qarşı-qarşıya gəlir: 

“ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda suverenliyi və iki dövlət arasında sıx əməkdaşlığı vurğulaması Vaşinqtonun tam dəstəyini ifadə edir. Göründüyü kimi davam edən geosiyasi proseslərdə Ermənistan izolyasiya olunur. Azərbaycan bunu uğurla davam etdirir. Bir müddətdən sonra Rusiya Ermənistandan çıxa bilər. Regional şərtlər bunu diktə edəcək. Rusiya məcburən Azərbyacan və Türkiyə ilə birgə yeni siyasi konfiqrusiyaya gedə bilər. Ona görə də Azərbaycan irimiqyaslı hərbi təlimlərini davam etdirməlidir. Özü də bunu cəbhəyə yaxın məsafədə reallaşdırmalıdır ki, Ermənistan açıq təhlükənin fərqinə varsın”.