DOST dar günün gərəyidir 

DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsidir


“Cənab Prezident tərəfindən uğurla həyata keçirilən sosial siyasət prioritet məsələdir”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. 

Siyasi şərhçi bildirib ki, Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir: 

“Elə bunun məntiqi nəticəsidir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına zəmin yaradıb. Eyni zamanda, son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlətin sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasıdır. Həmçinin, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Birinci Vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır”. 

Analitik bildirib ki, DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, cənab Prezident İhlam Əliyevin rəhbərliyi altında aparılan islahatların əyani təzahürüdür: 

“Bu layihə sosial təminat sahəsində inqilabi bir yenilikdir ki, bu sahə üzrə də Azərbaycan liderlik nümayiş etdirir. Mərkəzdə əhaliyə müxtəlif istiqamətlər - pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq və s. kimi xidmətlər göstəriləcək. Bu mərkəzlərin xidmət məqsədindən əlavə başqa bir məqsədi də var. Belə ki, burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq ki, bu da əhalinin məşğulluğunun artırılması işinə xidmət edəcək. Bütün dünyada durğunluğun hökm sürdüyü bir zaman kəsiyində göründüyü kimi əhalinin məşğulluğunun artırılması yenə dövlətin prioritet istiqamətlərindən biridir. Nəzərə alsaq ki, bu mərkəzlərdən 5-i Bakıda, 26-sı isə regionlarda olacaq, o zaman düşünürəm ki, bu mərkəzlər bilavasitə region əhalisinin məşğulluğunun artırılmasına da töhfə verəcək”. 

Ş.Həsənova bildirib ki, DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir: 

“Cənab Prezident tərəfindən uğurla həyata keçirilən sosial siyasət prioritet məsələdir. Bunun əyani sübutudur ki, 2019-cu il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox qaldırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Xüsusi bir məqam şəhid ailələri ilə bağlıdır ki, onlar dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib. Bu il şəhid ailələrinə verilən mənzillərin, evlərin sayı rekord həddə çatdı. Bundan əlavə, xarici siyasətin tərkib hissəsi kimi Azərbaycan hətta belə bir çətin şəraitdə əhalinin sosial təminatı, pandemiyanın törətdiyi iqtisadi fəsadların aradan qaldırılması ilə yanaşı bir sıra xarici ölkələrə də yardım edir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə kimi görür. Bütün bu işlərin məntiqi nəticəsidir ki, dünya liderləri, aparıcı biznes, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən ölkə başçımızın bütün təşəbbüsləri təqdir olunur və dövlət başçımızın liderlik səyləri yüksək qiymətləndirilir. CISCO şirkətinin rəhbərləri ilə görüş də bir daha sübut etdi ki, Prezident İlham Əliyev innovativ texnologiya ilə ayaqlaşan, müasir dünyanın nəbzini tutan liderdir”.