Şeyxdən Tolikə ustad dərsi: “Heç kim kefindən çarəsiz qalmır”


“Amma xeyir iş görənlərə, yaxşı əməl sahiblərinə qulp qoymasınlar”

“Yəqin öz ədəbləri, ərkanları, ilahi dəyərləri ilə bağlı problemləri var”



İki aya yaxın xüsusi karantin rejimində yaşadıq. Bu dövrdə vətəndaşların vəziyyəti heç də eyni səviyyədə  deyildi. Mövcud durum günəmuzd çalışaraq evinə çörək aparan insanların  maddi durumunu olduqca ağırlaşdırdı. Kritik zamanda həmin ailələri də nəzərə alan dövlətimiz 190 AZN məbləğində yardım göstərdi. Hökümətlə bərabər istər sənətçilər, istərsə də imkanı olan sıravi vətəndaşlar kasıb, yoxsul ailələrə dəstək göstərdilər. Lakin bu yaxınlarda  Tolik ləqəbi ilə tanınan prodüser, aparıcı Tarix Əliyev rəsmi “İnstagram” səhifəsində, canlı yayımda dövlətdən yardım istəyən vətəndaşları tənqid edib: " İstəyirsiz evdə oturasınız, dövlət sizə pul versin? Evdə oturmağa görə niyə pul verilməlidir ?" sözləri ilə yanaşı, təhqiramiz ifadələr də  işlədib.

Aparıcının bu fikirləri sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olub və haqlı tənqidlərə tuş gəlib. Bəlkə də Tolikdən həmin sözləri eşitmək hər kəsi təəccübləndirdi. Axı karantində imkansız ailələrə yardım göstərənlərin içərisində Tolik də var idi.  İradlardan sonra prodüser video haqqında açıqlama verib. O görüntülərin kəsilərək paylaşıldığını, özünə qarşı təxribat aparıldığını söyləyib.  


Biz də "Sherg.az" olaraq məsələyə münasibətini öyrənmək üçün tanınmış aktyor, xalq artisti Şeyx Əbdül Mahmudovla əlaqə saxladıq. Rejissor  bu xaotik durumu mənfi dəyərləndirdiyini bildirərək, ona  ömrümdə  elə şey məsləhət görmədiyini dedi:

“Əvvəla  dövlətin də, imkanlı  insanların da haqq dərgahında yeganə qəbul olunan xeyirxah əməlləri imkansız adamlara əl tutmaq, kömək etməkdir. Qalan heç bir şey yuxarıda qeydiyyata düşmür. Bir kəs  özünü Allahın bəndəsi hesab edirsə, müsəlman, yəhudi fərqi yoxdur. Bütün müqəddəs kitablar Allaha məxsusdur. Allahın peyğəmbərlərindən başqa dostu yoxdur. Adi adamların peyğəmbərlərə münasibət bildirməsi adi şeydir. Allah təala bəndələrinə məsləhət bilib,  kimlərinsə əli ilə  kömək edirsə, bu, çox gözəl və xeyirxah əməldir.  Dövlət səviyyəsində olursa sağ olsun hökumətimiz ki,  xalqının yanındadır, millətin əmin -amanlığını, ağır bəlalara, dərdə düçar olmamalarını istəyir.  Hətta belə dar, çətin məqamda sosial problemlərini də həll edir. Azərbaycan dövləti, Prezidenti  nümunəvi, bütün dünyaya dərs olacaq iş görürürlər.  S.A.S həzrəti Məhəmməd Peyğəmbər də buyurur:  Görülən bütün işlərə qiymət onun nəticəsinə görə verilməlidir. Prezidentimizin, dövlətimizin, imkanlı adamların  5-3 manata gücü çatan insanların xalqına kömək etməsi Allaha xoş gedən gözəl, savab işdir. 

Xalq artisti qeyd edib ki, Allahın qanunlarına, imkansız adamlara kömək etməyə, xəstə insanlara əl tutmağa qarşı söz deyən insanlar ciddi fikirləşməlidirlər:
“Yəqin öz ədəbləri, ərkanları, ilahi dəyərləri ilə bağlı problemləri var. İkincisi də  Tolik elə söz deyibsə, inanıram ki, fikrini düz izah etməyib. Azərbaycan dövlətinin,  Prezidentinin, birinci xanımın, imkanlı iş adamlarının xidmətlərinin nəticəsidir ki, mənəm-mənəm deyən dövlətlər belə Azərbaycanı nümunə göstərirlər. Ən çətin, ən murdar xəstəliyə qarşı ən rahat yaşayan, ən az itki verib, ən az yoluxma olan dövlət Azərbaycandır. Məhz bu səbəblərdən. O ki,  qaldı Tolikin belə söz deməyinə. O fikirləşsin, düşüncəsini yenidən başa salsın. Adam-adama kömək edər. Allah təala hamıya eyni səviyyədə, eyni imkanları versəydi onda yaxşı-pis, şeytan- iblis də yaranmazdı. Belə bir kəlam var: Allah təala mələk yaratdı, onlara ağıl və gözəllik verdi. Allah təala şeytan-iblis yaratdı, onlara ehtiras pis əməl verdi. Allah təala insan yaratdı, onlara həm gözəl,  yaxşı həm də şeytani-iblis əməli verdi. Yaxşı, normal insanlar xeyir iş görəndə mələkə,  pis işlər görəndə şeytana iblisə oxşayırlar. İnsanlara Allah təala nə qədər seçim verdi. Bu mənada çox normal, yaxşı dünyaya nümunə olacaq işə qulp qoymaq, pis münasibət bildirmək başa düşülən deyil, yol verilməzdir. 

Sənətkar Azərbaycanın öz kefindən bu günə qalmadığını, tarix boyu xəyanətlərə, müharibələrə, işğalllara məruz qaldığını söylədi:

Gözlənilmədən Qərbi Azərbaycandən yarım milyon insan, Qarabağdan,  öz dədə-baba torpaqlarından ayrı düşən bir milyon adam gəldi. Onların həyat tərzi, iqtisadiyyatı, psixologiyası, maddi durumları pozuldu. Bunların hamısına dövlət vaxtında əl uzatdı. Görürsüz mənəm-mənəm deyən ölkələr var idi. Suriya, İraq hamısı Avropanın küçələrində qalıb. Amma Allaha şükür xalqımız, dövlətimiz, prezidentimiz səfərbər oldu, bu qədər məcburi köçkünunun olduğu şəraitdə, üstəlik bütün dünyanın bəlası olan lənətə gəlmiş koronavius da var . Amma bu gün Azərbaycanda öz hesabına, heç kimə əl açmadan, dilənmədən yavaş-yavaş hər şey normallaşır. Kimlər etmək istəmirsə, öz mallarına qıymırsa  onlar da sağ olsun, Allah hidayət etsin. Onsuzda bu dünyadan  insan özünə nə aparır ki? Amma xeyir iş görənlərə, yaxşı əməl sahiblərinə qulp qoymasınlar. İnsanlara da dilənçi, ələ baxan deməsinlər. Heç kim kefindən çarəsiz qalmır. Bir var ki, öz xalqının dövlətinin əlinə baxasan yaxşı mənada pis vəziyyətdən xilas olasan.

Bir də var qalasan Avropanın küçələrində, hansısa dövlətlərin qapılarında dilənçi vəziyyətində. Dəmir məftillərin içində pis  vəziyyətdə, çadırlarda yaşayasan. Fərqli şeylərdir. Yəqin  bunu xalqa irad tutanların  içi, ruhu, əqidəsi, düşüncə tərzi biraz yaxşı deyil. Heç kimi topa, tüfəngə tutmuram. Kim istəyirsə, imkanı varsa köməklik göstərsin.  Onsuzda edilən qalır, xeyir əməl, yaxşı iş qalır. Bu mənada deyirəm..."