“Azərbaycan yenilikçi dövlət kimi mövqeyini möhkəmləndirəcək”

“DOST sosial təminat sahəsində böyük yenilikdir”

“Azərbaycanın bu sahədə də təcrübəsi nümunədir”


“Ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədləri  davamlı və yüksək iqtisadi artıma, sosial rifaha nail olmaqdır. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması üçün genişmiqyaslı işlər görülür”.  

Bu fikirləri “Sherg.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik  mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq prinsiplərinin təmin edilməsidir:

“Dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin, həmçinin bu günə qədər 3 DOST mərkəzinin yaradılması məhz bu məqsədə xidmət edir.  DOST layihəsi  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın  təşəbbüsünün nəticəsidir. Prezidenti  İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  3 saylı  DOST mərkəzinin açılışı sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Ölkə başçısı  Azərbaycan Televiziyasına müsahibəsində  Azərbaycanın sosial xidmət sahəsində  əldə etdiyi yeniliklərdən, DOST mərkəzlərinin fəaliyyəti fonunda şəffaflığın təmin edilməsindən, vətəndaş məmnunluğunun artmasından geniş bəhs edib. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıb. Burada tətbiq olunan innovasiyalar  gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf həyata keçirilən  siyasətin əsas istiqamətlərindən biridir.  DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur. Bir sözlə,  DOST sosial təminat sahəsində böyük yenilikdir. Azərbaycanın bu sahədə də təcrübəsi nümunədir”.



Cari ilin ötən dövrünün statistik rəqəmlərinə diqqət yönəldən baş redaktor vurğulayıb ki, əldə olunan  sosial-iqtisadi göstəricilər, sosial sahədə  görülən işlər 2019-cu ildə  həyata keçirilən tədbirlərin məntiqi davamıdır: 

 “2019-cu il Azərbaycan  tarixinə sosial islahatlar ili kimi daxil olub.  Ötən ildə  təsdiqlənən iki sosial paket əsasında  4,2 milyon insanın sosial rifah halı yaxşılaşıb.  Minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox artması deyilənlərə bariz  nümunədir.  Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlərin əsas mahiyyətində də insanların sağlamlığının təminatı ilə  yanaşı, sosial müdafiələrinin gücləndirilməsi, ən əsası bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlara dövlət dəstəyi əsas yer tutub. Bu dövrdə  dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam, özəl sektorda təxminən 700 min insanın maaşının  əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. 600 min insana 190 manat  sosial yardım verildi. 80 min ailə ünvanlı sosial yardım proqramı ilə əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir. 90 min ödənişli ictimai iş yerlərinin açılması nəzərdə tutulub. Özünüməşğulluq proqramında 12 min insan əhatə olunur. Cənab Prezidentimiz İlham Əliyev 2020-ci ilin birinci rübünün  yekunlarına həsr olunan videokonfrans şəklində  müşavirədə hec bir sosial layihənin təxirə salınmayacağını bildirmişdi. Qeyd olunan statistika  artıq bu tezisin  reallıqda öz əksini tapdığını təsdiqləyir”.

V.Rəhimzadə bildirib ki, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsinin nəzərdə tutulması Azərbaycanın yeniliklərə imza atan dövlət kimi mövqeyini daha da möhkəmləndirəcək:

“ «ASAN xidmət», ABAD, DOST kimi sosial layihələrin davamlı olacağı  şübhəsizdir. İqtisadi tərəqqi, artan maliyyə imkanlarımız güclü sosial  siyasətlə müşayiət olunur. Dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcək, təhlükəsizlik şəraitində yaşayacaqlar.
Pandemiya dövründə  Azərbaycan təcrübəsinin dünyada təqdir olunması da   inkişaf modelimizin  nümunəviliyindən irəli gəlir. Ölkə başçısı müsahibəsində vurğuladığı kimi,  bu müddətdə Azərbaycan yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də  davamlı tədbirlərin keçirilməsinə nail olub”.