“Hər bir Azərbaycan vətəndaşı dövlətə arxalana bilər”- Millət vəkili

Bir neçə gün əvvəl prezident İlham Əliyev yeni DOST mərkəzinin açılışında iştirak etdi. O, çıxışında hökumətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını xüsusi vurğuladı. Dövlət başçısı bildirdi ki, minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. 2020-ci ildə sosial sahədə görülən işlər ötən il həyata keçirilən tədbirlərin məntiqi davamıdır.


 Bununla bağlı “Sherg.az”a danışan millət vəkili Aydın Hüseynov Azərbaycan hökumətinin siyasətinin ancaq bir istiqamətə yönəldiyini söyləyib:

“Atılan bütün addımlar, həyata keçirilən layihələr yeganə məqsədə-vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Cənab İlham Əliyevin özünün də dediyi kimi, o, bütün vətəndaşların prezidentidir. Hər bir Azərbaycan vətəndaşı dövlətə arxalana bilər. 2019-cu ildə hazırlanan sosial paket də bunu sübut edir. Həmçinin bu il koronavirus pandemiyası ilə mübarizə şəraitində hökumətimizin gördüyü tədbirlər bizim üçün insan faktorunun ən əsas amil olduğunu təsdiqləyir. Sosial qayğıya ehtiyacı olan insanlar diqqətdə saxlanıldı, sahibkarlara, işçilərə yardım edildi, bütün bu işlər üçün dövlət büdcəsindən 2.5 milyon vəsait ayrtıldı. Yəni hökumətimizdən ötrü insan sağlamlığı iqtisadiyyatdan daha vacibdir. Bununla belə, biz iqtisadiyyatımızı stabil saxlamağı da bacardıq”.

Deputatın sözlərinə görə, bu siyasət digər ölkələr üçün də örnəkdir:

“Dediyim kimi, atılan bütün addımlar vətəndaşlaırn maraqlarına cavab verir. Dövlət başçısının ünvanına yazılan təşəkkür məktubları da bunu deməyə əsas verir. Avropa dövlətləri bizdən ibrət dərsi almalıdırlar”.