“Bu “andiçmə mərasimi” beynəlxalq qanunları ayaq altına atmaqdır” – AKTUAL ŞƏRH

“Separatçıların qeyri-qanuni hərəkətləri heç bir beynəlxalq qanunlar çərçivəsinə sığmır”. 

Bu barədə “Sherg.az”a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 

Siyasi şərhçi bildirib ki, Dağlıq Qarabağdakı qondarma rejimin “seçki” şousu və “andiçmə mərasimi” açıq-aşkar beynəlxalq qanunları ayaq altına atmaqdır: 

“Beynəlxalq çağırışlara məhəl qoyulmaması və buna susqunluq nümayiş etdirilməsi erməni kimi mənfur düşmənə hansı münasibət göstərildiyini ortaya qoyur. Qarabağ səmasında erməni dronlarının havalanması separatçı rejimin keçirəcəyi “andiçmə” mərasiminin “təhlükəsizliyinin” yüksək səviyyədə olduğu və nə olur-olsun, bu mərasimin keçiriləcəyi “mesajını” verməkdir. Lakin bunlar mənasız cəhdlərdir. Azərbaycan Ordusunun son günlər keçirdiyi hərbi təlimlər ordumuzun gücünü əyani şəkildə göstərir. Artıq Silahlı Qüvvələrimizin erməni həyasızlığına ciddi yanaşması və onlara həlledici zərbə endirməsinin vaxtıdır. Hətta bunu etməkdə gecikmişik. Əminəm ki, ordumuz bu vəzifəni yerinə yetirməyə hazırdır və Baş Komandanın əmrini gözləyir”. 



A.Qasımovun sözlərinə görə, Azərbaycan ordusu erməni terrorçularının cavabını mütləq verməlidir: 

“Bu, prinsipial məsələ olmaqla yanaşı, həm də ölkənin nüfuzu məsələsidir. Erməniyə elə bir dərs verilməlidir ki, “seçki” şousu təşkil etdiyinə peşman olsun. Bunun üçün bizim pilotsuz silahlı uçuş aparatımız - “HAROP”la Şuşa üzərində kəşfiyyat və xəbərdarlıq uçuşu etməyimiz kifayətdir. Onun çıxardığı ürküdücü səs erməni separatçılarını qorxudacaq, düşmən girməyə dəlik axtaracaq. Bu, eyni zamanda cənab Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır.” xatırlatmasının birbaşa sübutu olar. Azərbaycan əsgərini bizi bu biyabırçılıqdan  qurtarması üçün hərəkətə keçməyə səsləyirik”.