"Magistr-müəllimlər" layihəsi ALQIŞLANDI: “Təhsildə ciddi yeniliklər olacaq”

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının qəbul etdiyi “Gələcəyin müəllimi” layihəsinin icrasına start verilib.
Layihənin məqsədi AzTU-nun akademik sahədə potensialını gücləndirməkdir. Bu həm də universitetin kadr potensialını öz tələbələri hesabına gəncləşdirməsi və müasir innovasiya tələbini qarşılamağa istiqamətlənib. Layihəyə uyğun olaraq II kurs magistrantların elmi-pedaqoji təcrübələrinin qarşılanması məqsədilə onlar arasından seçilmiş bir qrup tələbə, bakalavrların imtahan prosesinə cəlb olunacaq. Belə ki, bakalavrların biliyinin qiymətləndirilməsində fənn müəllimləri ilə yanaşı magistrantların da rəyi nəzərə alınacaq.



Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında bunun uğurlu təşəbbüs olduğunu deyib:

“Belə təkliflər dəfələrlə səsləndirilib, müzakirə edilib. Xüsusilə magistratura və doktorantura pilləsində təhsil alanların təcrübəyə cəlb edilməsinin vacibliyi vurğulanıb. Belə olmasa, gənc kadrlar əmək bazarına daxil olduqda müəyyən çətinliklərlə üzləşə bilərlər. Təəssüf ki, ali təhsil müəssisələrində tələbələrin istehsalat və pedaqoji təcrübəsinə o qədər çox vaxt ayrılmır. Nəticədə onlar yalnız nəzəri biliklərlə kifayətlənməli olurlar. Beləliklə, əmək bazarında çatışmazlıq yaranır”. 

 K.Əsədov həmçinin bildirdi ki, bu, tələbələrin də ürəyindəndir:

“AZTU-nun sözügedən təşəbbüsü təhsil alanlar üçün də maraqlı olacaq. Çünki tələbələr gənc nəsillə daha yaxşı ünsiyyət qura, onlarla müzakirə apara bilirlər. Şübhəsiz, magistr-müəllimlər yeni dərs metodlarından istifadə edəcək, öz fəaliyyətlərində İKT-nin imkanlarına üstünlük verəcəklər. Bütün bunlar çox yaxşıdır. Çünki Azərbaycan təhsilində yeniliklər olacaq. Məncə, digər ali məktəblər də AZTU-nun bu təcrübəsindən istifadə etməlidirlər”.