“Azər Gür” tikinti şirkəti insanları evsiz qoyub: “Sakinlər məhkəməyə verə bilərlər, amma...”

“...İddialarını sübut edə biləcək fakt, sənəd yoxdursa, bu zaman  situasiya qəlizləşir”


Bakının Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, 115 ünvanında yerləşən bina altı ildir ki, qəzalı vəziyyətdədir.
Hazırda binada üç ailə çətin şəraitdə yaşayır.
Belə ki, 2014-cü ildə “Azər Gür” tikinti şirkətinin qonşuluqda inşa etdiyi çoxmərtəbəli binanın divarı uçaraq, bu sakinlərin yaşadığı ikimərtəbəli binanın üzərinə düşüb.

Dağıntılar altında qalan beş ailə üzvünü Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıblar.
Sakinlər bədbəxt hadisədən sağ çıxsalar da, bina yararsız vəziyyətə düşüb.
Bundan sonra tikinti şirkəti bir ilə yeni tikilən binada zərərçəkmişləri evlə təmin edəcəyi ilə bağlı onlarla müqavilə imzalayıb. Lakin illərdir ki, bu sakinlərin problemlərini həll edən yoxdur.

Vətəndaşlar sözün əsl mənasında evsiz-eşiksiz qalıblar...



Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov  bu barədə “Sherg.az”a danışarkən məsələnin göründüyündən də çətin olduğunu dedi:

“Belə hallarda müqavilə bağlamaq lazımdır. Əgər tərəflər arasında sənəd imzalanıbsa və zərərçəkmişlərdə müqavilənin nüsxəsi varsa, onlar rahatlıqla məhkəməyə müraciət edə bilərlər. Yox, əgər iddialarını sübut edə biləcək fakt, sənəd yoxdursa, bu zaman  situasiya qəlizləşir. Düzdür, yenə də məhkəməyə müraciət etmək mümkündür. Amma fakt, dəlil olmadığı təqdirdə, müraciət edənlərin məhkəməni udması ehtimalı azalır”.

S. Məmmədov analoji hadisələrdə vətəndaşları diqqətli davranmağa çağırdı:

“Sözlə kifayətlənmək olmaz. Mütləq sənəd imzalanmalıdır. Çünki verilən vədi isbatlamaq mümkün deyil”.