Topçubaşı ilə Vudro Vilson arasında tarixi görüş ! – ABŞ prezidentini məmnun edən nə idi ? - İlginc fakt !

“Azərbaycan-ABŞ əlaqələrinin qurulma tarixini Topçubaşının Vudro Vilsonla görüş tarixindən götürmək olar”

"Vilson heyətimizin intellektual səviyyəsindən o qədər məmnun olmuşdu ki, seçiciləri ilə görüşdə iki dəfə Azərbaycan və heyətimizlə bağlı xoş fikirlər söyləmişdi”



Hər il olduğu kimi bu dəfə də Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu 28 may günü Amerika Birləşmiş Ştatlarının bir neçə əyalətində “Azərbaycan günü” kimi qeyd olunacaq. Bu dəfə Kaliforniya, Texas, Arizona ştatlarının şəhər merləri bununla bağlı qərar verərək bəyanat imzalayıblar. Bəyanatlarda Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik parlamentli respublika yaratdığı, həmin respublikanın ABŞ da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı vurğulanıb. Həmçinin, sənəddə Azərbaycanın irqindən, cinsindən, milliyyətindən və dinindən asılı olmayaraq hər kəsə səsvermə hüququ verildiyi, bununla müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk ölkə olduğu qeyd edilib. Merlər bütün şəhər sakinlərini 28 may günü bu bayramı qeyd etməyə dəvət olunublar. 



ABŞ ştatlarının qərarları ilə bağlı fikirlərini “Sherg.az”a bölüşən araşdırmaçı-jurnalist, Cümhuriyyət dövrü tədqiqatçısı, Çapar dərgisinin baş redaktoru Dilqəm Əhməd bunun prosedur qaydası olduğunu deyib. D.Əhməd vurğulayıb ki, bizim faktiki rəsmi dövlət müstəqillik günümüz bu tarixdə qeyd edilir: 

“18 oktyabr müstəqilliyin bərpası günüdür. Bu baxımdan ABŞ və digər dövlətlərin təbriki təbiidir. Yəqin ki, Qafqazın digər ölkələrinə də eyni məzmunlu təbrik göndərilir. Amma unutmayaq ki, ötən il önəmli bir tarixin 100 illiyi oldu. Azərbaycan və ABŞ əlaqələrinin qurulma tarixini Əlimərdan bəy Topçubaşının ABŞ prezidenti Vudro Vilsonla görüş tarixindən götürmək olar. Bu tarix hətta Cümhuriyyətin bir yaşı gününə təsadüf etmişdi. Vilson heyətimizin intellektual səviyyəsindən o qədər məmnun olmuşdu ki, hətta ABŞ-da seçiciləri ilə görüşdə iki dəfə Azərbaycan və heyətimizlə bağlı xoş fikirlər söyləmişdi”.